huseyncavid.files.wordpress.com · web viewbəlkə qəmdən, acıdan qurtularız. bir günün...

84
KNYAZ Faciə - 5 pərdə Yazılmışdır: 1928 - 1929 İlk nəşri: 1963 İlk səhnə quruluşu: 1929 ƏŞXAS Knyaz — uca boylu, qara saçlı, məğrur baxışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında. Jasmen — Knyazın ikinci hərəmi, 22 yaşında. Lena — Knyazın qızı, əvvəlki hərəmindən, 19 yaşında. Solomon — Knyazın dayısı, 60 yaşında. Anton — bağçavanın oğlu, texnik, 27 yaşında. Marqo — Antonun anası, ağ saçlı, milli qiyafədə, Knyazın xidmətçisi, 50 yaşında. Şakro — Knyazın yaxın adamlarından, müxalifətçi-sosialist, kosa, 35 yaşında. İxtiyar alman — 70 yaşında, bir qolu yox. Alman qadını — 45 yaşında. Sarışın alman qızı — onun qızı, 19 yaşında. Birinci işçi İkinci işçi Köylü Kinto Xəfiyyə Müsafir İşçilər, milislər, xidmətçilər, musiqiçilər, müsafirlər, müştərilər və başqaları. BİRİNCİ PƏRDƏ Tiflisdə ətrafı yaşıllıq, çiçəklərlə süslü geniş bir qəməriyyə. Ulduzlu bahar gecəsi... Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası... Knyaz ağ əlbisə geyinmiş, milli qiyafətdə, ağ qalpağını sandaliyə üzərinə buraxmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zövq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qiyafəli Şakro ilə Marqo da bəzən yardım edir. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir ahənglə Solomona. Knyaz İştə gülgün qədəh, ey xanəxərab! Bulunur şey deyil əsla bu şərab. İmdi fürsət var ikən iç!.. Bir gün Görəcəksən bu sönük ömrü sərab. Solomon İçəlim, bəlkə təsəlli bularız, Bəlkə qəmdən, acıdan qurtularız. Bir günün zövqünə dəyməz dünya. İçəlim, sonra peşiman olarız.

Upload: ngotu

Post on 27-May-2018

217 views

Category:

Documents


0 download

TRANSCRIPT

KNYAZ 

Faciə - 5 pərdə Yazılmışdır: 1928 - 1929 İlk nəşri: 1963 İlk səhnə quruluşu: 1929 

ƏŞXAS 

Knyaz — uca boylu, qara saçlı, məğrur baxışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında. Jasmen — Knyazın ikinci hərəmi, 22 yaşında. Lena — Knyazın qızı, əvvəlki hərəmindən, 19 yaşında. Solomon — Knyazın dayısı, 60 yaşında. Anton — bağçavanın oğlu, texnik, 27 yaşında. Marqo — Antonun anası, ağ saçlı, milli qiyafədə, Knyazın xidmətçisi, 50 yaşında. Şakro — Knyazın yaxın adamlarından, müxalifətçi-sosialist, kosa, 35 yaşında. İxtiyar alman — 70 yaşında, bir qolu yox. Alman qadını — 45 yaşında. Sarışın alman qızı — onun qızı, 19 yaşında. Birinci işçi İkinci işçi Köylü Kinto Xəfiyyə Müsafir 

İşçilər, milislər, xidmətçilər, musiqiçilər, müsafirlər, müştərilər və başqaları. 

BİRİNCİ PƏRDƏ 

Tiflisdə ətrafı yaşıllıq, çiçəklərlə süslü geniş bir qəməriyyə. Ulduzlu bahar gecəsi... Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası... Knyaz ağ əlbisə geyinmiş, milli qiyafətdə, ağ qalpağını sandaliyə üzərinə buraxmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zövq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qiyafəli Şakro ilə Marqo da bəzən yardım edir. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir ahənglə Solomona. 

Knyaz 

İştə gülgün qədəh, ey xanəxərab! Bulunur şey deyil əsla bu şərab. İmdi fürsət var ikən iç!.. Bir gün Görəcəksən bu sönük ömrü sərab. 

Solomon 

İçəlim, bəlkə təsəlli bularız, Bəlkə qəmdən, acıdan qurtularız. Bir günün zövqünə dəyməz dünya. İçəlim, sonra peşiman olarız. 

İçərlər, təkrar qədəhlər dolur. 

Knyaz 

Həp düşündükcə boğar ruhu soyuq, Qaba, issız və dərin bir boşluq. O dərin boşluğu bir dolduracaq Varsa yalnız... əbədi sərxoşluq... Solomon 

İştə xilqət dolu min dürlü təzad. Hər sevincin sonu müdhiş fəryad... 

Badə ver, badə, bu divanə könül Coşaraq qayğıdan olsun azad. 

Knyaz 

Çox adam var ki, çiçək toplar ikən, Qanadır səmli tikən əllərini. Çalılıqlarda gəzirkən birdən Cəzb edib durdu bu tər qönçə məni. 

Marqo 

(gəlir, Knyaza) 

Beş nəfər var, sizi bəklər qapıda. 

Knyaz 

Nə için? 

Marqo 

Sözləri varmış. 

Knyaz 

Əcəba?! 

(Şakroya) 

Şakro! Çıx, gör nə deyirlər. 

Şakro 

Bu saat. 

Jasmen ağaclar arasından çıxar. Onları qumral saçlı başı ilə salamlar. 

Jasmen 

Nə qədər nəşəli rindanə həyat. Knyaz və Solomon qədəhlərini qaldırırlar. 

Knyaz 

Yaşa, afət çiçəyim! 

Jasmen 

Nuş olsun! 

(Gedər). 

Solomon 

Bu nə səfvət, nə məlahət, nə füsun! Taleyin varmış, əzizim, Jasmen Daha dilbərdir ölən zövcəndən. 

Knyaz 

Tale əfsanə, cəsarət lazım, 

Bir az altun və məharət lazım... 

Solomon 

Orta az erməni xalqında... ya pək Soyuq, ölgün oluyorlar gerçək, Yaxud ən işvəli, cazib, tənnaz, Başqa, çox başqadır onlardakı naz. 

Knyaz 

Əvət, üç ildi ki, ölmüş zövcəm, Qızım olmuş mənə yalnız həmdəm. Anıyorkən o sönən annəsini, Bənzədirdim neyə titrək səsini. Bir mayıs dəvət edildim Batuma. Kefə daldım səhər-axşam... amma Yenə könlümdə yetimlik vardı, Məni Jasmen acıdan qurtardı. Kəndi mülkümdə dolaşmaqda ikən, Sərxoş oldum duyulan bir səsdən. O gözəl səs məni məftun etdi, Yeni bir eşq ilə məcnun etdi. Gərçi qız erməni... adət gürcü, Söyləyiş gürcü, təbiət gürcü. O zamandan ki, sevişdik, bilsən Yenidən bir daha gənc oldum mən. Bəzi avropalı bilgic qafalar Bəlli, gəncləşmək için çarə arar. Çox qolay çarəsi, yalnız, yalnız Olsa həmdəm sənə şən bir yıldız. 

Solomon 

Mənə bax, altmışa varmaqda yaşım, Sənə mən həm dayı, həm arxadaşım! Gördüyüm təcrübələr çox qarışıq, Hər qaranlıqda gülümsər bir işıq. Hər qadın cilvəsi bir dadlı xəyal, Başqa, çox başqadır onlardakı hal. Şən, gözəl bir qadının xoş baxışı, Bir mayıs göstərir ən sisli qışı. Qadın istərsə tikənlər gül açar, Qızacaq olsa, ölüm, fitnə saçar. 

Knyaz 

Jasmenin fitnəsi yox, hiyləsi yox, Biləkis, işvəsi çox, nəşəsi çox. İncə bir köylü müəllim qızıdır, Qafqazın cilvəli bir yıldızıdır. 

Solomon 

Bu sürəksizcə ömürdən ancaq Sənə tək nəşəli dəmlər qalacaq. Xoş keçin, zövqünə bax hər yerdə, Dünkü çarlar və krallar nerdə? 

Knyaz 

Solomon! Nəşə kədərdən daha az... 

Solomon 

Yenə ən nəşəli sənsən, Knyaz. 

Knyaz dolu qədəhi əlinə alaraq qafasını oynadır. 

Knyaz 

Hər gələn bir yeni tüğyan ediyor, Gündə bir səltənət əldən gediyor. Bəkləyirkən bu qədəhlər küskün Bizə, yox şübhə ki, divanə diyor. 

Solomon 

Hər baharın sonu matəmli xəzan, Hər visalın sonu issız hicran. Bir həqiqət deyə tapdıqlarımız Yarın, əfsus, olacaq süslü yalan. 

İçərlər. Jasmen daha şux qiyafədə gələr, əlindəki qızılgül dəmətini masa üzərinə buraxaraq incə qəhqəhələrlə. 

Jasmen 

Mey sonulduqca doğar zövq, nişat, Ölülər içsə bulur tazə həyat. 

(Qədəhləri özü doldurur). 

Knyaz 

İçəlim, badə verir ruha qida, Varsın, olsun, məzəmiz işvə, əda! Çınlayırkən bu qədəhlər, sanıram Əks edir könlümə çılğın sevda. 

Solomon 

Badə xoşdur, ola saqi yalnız Nəşələr yavrusu şaqraq bir qız. İçəlim, bax, bu üfüqlər nə gözəl, Bizi həsrətlə süzər ay, yıldız. 

Jasmenin şərəfinə içərlər. 

Sağ olun, həp var olun! 

Jasmen 

Nuş olsun! 

Knyaz 

(Jasmeni süzərək) 

Yaşasın hüsn, füsun! 

Jasmen 

Nuş olsun! 

Bu zaman bağça tərəfdən kaman səsi ilə həmahəng olaraq qarşıkı nəğmə söylənilir. 

İncə səs 

Vəhşi bir gül olsam, ətrafım tikən, Həsrətlə süzərdi hər görən məni. 

Qalın səs 

Mən bir yolçu olub yoldan keçərkən, Qoparıb köksümə taxardım səni. 

İncə səs 

Mən ağ bir gövərçin olsaydım, əngin, İrişilməz üfüqlərdə yaşardım. Qalın səs 

Mən bir şahin olub səni seyd için Ən keçilməz fəzaları aşardım. 

Knyaz 

İncə səs, iştə qızım Lena. 

Jasmen 

Əvət. 

Solomon 

İmdidən bəlli, xoş əlhan afət. 

Knyaz 

Bu qalın səsli də Anton. 

Solomon 

Əcəba? İxtiyar bağçavanın oğlumu? 

Knyaz 

Ya... Pək çocuqkən biz ədəb verdik ona, Oxudub xeyli əmək verdik ona. Adam olmuş, dəyişib baş-qulağı, İmdi bir adlı mühəndis yamağı. 

Qafasını oynadıb gülər. Lena ilə Anton gələr. Anton qəhvə rəngli üst kömləyi geyinmiş, əlində kaman bulunur. Lena məktəbli qiyafətindədir. 

Solomon 

Afərin! İştə böyük istedad. 

Jasmen 

Nə zərif, incə təzad... 

Knyaz 

Lena çox başqa, əzizim Solomon. 

Solomon 

Hələ Anton!.. Anton!.. 

Jasmen 

Saray artisti demək çox uyğun. 

Lena 

Çox təşəkkür... 

Anton 

(istehzalı təbəssümlə) 

Var olsun! Biz saraylarda deyil, hər ikimiz Xalqa xidmət diləriz. 

Solomon 

(boş bir qədəhi doldurub sərxoş hərəkətlə Antona) 

Çox gözəl, haydı, gəl iç sən də bir az. 

Anton 

Etmədim mən buna adət, Knyaz Biliyor halımı... 

Solomon 

Zövqün yoxmuş. 

Anton 

Neyləyim... məncə ayıqlıq daha xoş, Mümkün olsaydı da yurdumdakı meyxanələri Həp kütübxanə yapardım. 

Solomon (istehzalı qəhqəhələrlə) 

Çocuq əfsanələri!.. 

Knyaz 

Onu söylətmə ki, yox çərçivəsi, Söz güləşdirməyə çoxdur həvəsi. 

Anton 

Məncə hər çərçivə dar bir zəncir. 

Knyaz (dumanlı qafasını oynadaraq əli ilə rədd edər kimi) Yetişir, sus daha, artıq yetişir. 

Anton 

(ətrafa) 

Derlər insan yaranıb meymundan, 

Yenidən meymuna dönmək nə yaman. 

(Marqo Antona çay gətirir). 

Knyaz 

(içəri girən Şakroya) 

O gələn kim, nə deyir? 

Şakro 

Saçma bir iş... Bir nəfər köylü qəzadən gəlmiş, Dolu vurmuş da üzüm bağlarını, Çox qaranlıq görüyormuş yarını. 

Knyaz 

O bizim bağmı? 

Şakro 

Əvət, vergi ağır... Söyləyir, endirəlim tam yarıya. 

Knyaz 

Gəlir olsaydı da milyon, əcəba, Bir quruş fəzlə verərmiydi? 

Şakro 

Xayır! 

Knyaz 

(qızğın) 

Həp gəbərsinlər acından, bizə nə, Onların verdiyi girsin gözünə. 

Solomon 

Mərhəmət etməli, Knyaz! 

Anton 

Əfsus... Gücsüzün haqqı əzilmək. 

Knyaz 

Sən sus! 

Şakro 

Daha bir başqa şikayətçi də var. 

Knyaz 

Kim o? 

Şakro 

Dörd işçi. 

Knyaz 

Nə istər onlar? 

Şakro 

Söyləyirlər ki, sizin zirzəmilər Yaş və islaq, bizi həp məhv eylər. Bəlli, var boş odalar, həm deyil az, Bizə ust qatda yer etsin Knyaz. 

Knyaz 

(istehzalı qəhqəhələrlə) 

Başlamışlar, demək, onlar da naza, Bir bu qalmış minələr boynumuza. 

(Qızğın) 

Tülkülər, ah, şımarıq abdallar!.. 

Solomon 

Knyaz! Əlbəttə, bir az haqları var. 

Şakro Bir də çoxmuş kira, endirməliyiz. 

Knyaz 

Bu nə həzyan, çapucaq dəf ediniz! 

Solomon 

Yenə ifrat eləyirsən, Knyaz! Bahalıqdır, qatı sözlər yaramaz. 

Şakro 

Şübhəsiz, hiylə və imdad daha xoş. 

Knyaz 

(Şakroya) 

Sən də onlar kimi sapmış başıboş. Get, xəbər ver, yarın erkən həpsi Tərk edib evləri dəf olsa eyi. 

Şakro çıxar. 

Anton 

(Knyaza) 

Ah, sönüb məhv olacaqdır onlar, Mərhəmət yoxsa da, bir qanun var. 

Knyaz 

(bir cığara yaxaraq) 

Yetişir, siz mənə dərs verməyiniz, Biz o qanunları əla biliriz. 

Bu sırada dişarıda gurultu qopar, dörd işçi və bir köylü ortaya fırlar. 

Birinci işçi 

(əlində çəkic, sağlam, başı açıq, göy köynəkdə olan bir işçi Şakronun yaxasından tutub bir tərəfə fırladar) 

Burax!.. 

İşçilər 

Alçaq!.. 

Knyaz 

Bu nə? 

Birinci işçi 

(Şakroya) 

Haydut, yaramaz! Sosialist cildinə girmiş canbaz! Nikolay taxta çıxıb gəlsə yarın, Ona jandarma olardın... 

İşçilər 

(hücum edər kimi) 

Azğın! 

Lena 

(Jasmenə qısılaraq) 

Gedəlim, qorxuyorum, ah, Jasmen. 

Jasmen 

Gedəlim... 

(Gedirlər). 

Knyaz 

Söyləyiniz, haydı, bu nə? 

İkinci işçi 

(alaca saçlı, ortayaşlı, arıq...) 

Biz qarışdıq ölülər aləminə... 

Birinci işçi 

Xayır, əsla, deyilik biz ölülər, Bizi kim sıxsa, məzarlıqda gülər. 

İkinci işçi 

İştə mən! Altı qız-oğlan babası, Məni məhv etdi tütün fabrikası. Zövq alıb içdiyimiz dadlı siqar, 

(Əlini ağ ciyərinə vuraraq) 

Bu ciyərdən süzülən qanla qoxar. 

(Köynəyini aralayıb əli ilə müqəvvanı andıran köksünə döyərək) 

Bax, zəhərdən qurumuş iskeletim, Mən ölərsəm sönəcək altı yetim. 

(Cibindən bir məndil çıxarıb göz yaşlarını silir) 

Birinci işçi 

(sinirli) 

Yetişir! Sızlama, abdal, başıboş, Ağlamaqdansa gəbərmək daha xoş. Qüvvətin yoxsa əzil, sus, qəhr ol! 

(kinli bir qəhrlə yumruğunu göstərərək) 

Yaşamaqçin budur ən kəskin yol! 

(daha coşqun) 

Qardaşım nerdə? O cansız cəsədi Mən də torpaqlara gömdüm əbədi. Bitərək söndü günəşsizlikdən; 

(Knyazı sərt baxışlarla süzərək) 

Bu fəlakətlərə həp bais sən! 

Knyaz 

Boşboğazlıq yetişir, sus! Birinci işçi 

(çəkicini oynadaraq) 

Yaramaz!.. Bizi heç kimsə, xayır, susduramaz. 

Anton 

(Knyaza) 

Yetişir, həddini bil! 

Knyaz 

(hiddətlə bağırar) 

Ah, Anton! 

Solomon 

(Knyaza) 

Sən bir az kəndinə gəl... 

Knyaz 

Yox, Solomon! 

(Antonu göstərir) 

Onların başçısı yalnız bu səfil!.. 

(Antona) 

Yapdığın şəbədələr gizli deyil. 

Anton 

Bizi qorxutma, yetər gürlədiyin, Dinlə, bax gör nə deyirlər... 

Knyaz 

(Antonu nifrətlə süzərək) 

Miskin!.. 

Anton 

(kəskin) 

Fəzlədir məncə bu nifrət, hiddət, Hər nə istərsə, verin, onlar... 

Knyaz 

(istehzalı) 

Əvət. Əmr edərsən verəriz... 

Anton 

Kəndini bil! Haqq verilməz, alınır... 

Knyaz 

Haydı, çəkil! Uzaqda islıq çalınar. Antonun fikrini cəlb edər. 

Anton 

(iki-üç addım çəkilir) 

Burda dursam da bir əldən nə gələr? 

(Knyaza, şiddətlə) 

Eyi bil, er-gec əzənlər əzilər. 

Uzaqlaşır. Jasmenlə Lena yenə bir tərəfdə görünüb tamaşa edərlər. Təkrar islıq səsi eşidilər. 

Solomon 

Yenə islıq səsi!.. 

Knyaz 

Hər günkü oyun... 

İkinci işçi 

(Knyaza) 

Nə deyirsən bizə? 

Knyaz 

(mənalı bir tərzdə) 

Hay-hay, buyurun! Paranız yoxsa əgər, üst qatda Yer verilməz sizə əsla, əsla... 

İkinci işçi 

Para azdır, gözü dar fabrikaçı Bizə bir haqmı verir?.. 

Knyaz 

(istehzalı gülüşlə) 

Ya çox acı... 

Birinci işçi 

Fərqi yoxdur, sən osan, ah, o da sən!.. İştə çalmaqdasınız bir teldən. 

(İrəlilər, masaya gumbultu ilə bir yumruq vurar). 

Knyaz 

Yenə coşdunmu? 

Birinci işçi 

Əvət!.. 

Solomon 

Knyazcan! İstəməz bunca gərəksiz həyəcan. 

Birinci işçi 

(sərt və qızğın) 

Bizi aciz və kiçik sanma, xayır, Biz bizik, sən də sən! Aldanma, xayır. 

(Əlinin qabarlarını göstərir). 

Bunu gördükdə bir insan utanır? Bu qabarlar sizə ətmək qazanır. 

(Üstündəki köynəyini iki parça edib bir tərəfə atar, beldən yuxarı çılpaq qalar. Köksünü və qollarını göstərər). 

İştə köksüm! Bu qolumdur, bu əlim... 

Jasmen 

(şaşqın) 

O nə? 

Lena 

Ah, çox qaba insan. 

Jasmen 

Gedəlim. 

(Çəkilirlər). 

Birinci işçi 

Yara, başdan-başa hər yer yaradır, İştə, bunlar, sizi bunlar yaşadır. Hərb edib qarpışırıq sizlər için! Çalışıb-çarpışırıq sizlər için!.. 

(Təkrar gumbultu ilə əlini masaya vuraraq) 

Ah, fəqət siz bizi təhqir ediniz!.. 

Knyaz 

Yetişir, anladıq artıq, gediniz!.. 

İkinci işçi 

Gedəlim, haq sözü haqsız nə qanır. 

(Əlindəki çəkici oynadaraq çılpaq vücudu ilə çəkilir). 

İşçilər 

Gedəlim, Haydı, əvət, haqq alınır. 

(Gedərlər). 

Knyaz 

(şaşırıb duran köylüyə) 

İmdi sən söylə! 

Köylü 

Üzüm bağlarını... Knyaz 

(onun sözünü kəsərək) 

Dolu vurmuş... biliriz, sən yarını Çox qaranlıq görüyormuşsan. 

Köylü 

Əvət. Knyaz 

Heç zərər yox... Var ədalət əlbət. Hər nə lazımsa gələr Şakro yapar. Daha bir başqa sözün varmı? 

Köylü Xayır. 

(Bir az düşünür). 

Lütf edin, halımız olduqca ağır... 

Knyaz 

Çox gözəl, get, səni məmnun edəriz. 

Köylü 

Var olun! 

(Baş endirib gedər). 

Knyaz (Solomona) 

Bax, bu deyil tərbiyəsiz, Yenə var köylüdə insan sifəti. İşçilər; ah, o səfillər nə qatı Adəta yırtıcı, azğın canavar. 

Solomon 

Şübhəsiz, haqları var, haqları var. 

Knyaz 

Dayıcan, sən də şaşırdınmı? 

Solomon 

Xayır! Onların halı ağırdan da ağır. 

Knyaz 

Bəlli... knyaz qanı yox səndə... 

Solomon 

(qafasını oynadar, acı təbəssümlə) 

Babam 

Köydə bir katib imiş, heç danmam. 

Knyaz 

(sözü dəyişdirərək) 

Zalım oğlanları şaş qoydu bizi, Pozdu bir anda bütün nəşəmizi. 

(Bağçaya doğru yürüyərək uzaqlaşırlar). 

Marqo 

(onlar çəkildikdən sonra gəlib qabları toplamaq istər, ətrafa) 

Hey fələk... gör necə günlər gördük, Azdı hər kəs, nə böyük var, nə küçük... 

Bu sırada Anton yan tərəfdən çıxar. Ayaqda olaraq bir loğma ətmək kəsib yeyər, çayını qarışdırıb içərək, öz-özünə yarısəslə beynəlmiləl marşı oxuyur, sağa-sola gedir. 

Marqo 

Xalq acından qırılır, sən yalnız... Marş oxur, əyləniyorsan, arsız. 

Anton 

İnqilab iştə doğar aclıqdan. 

Marqo 

Nə için nankor olursan? Bir utan! Bu soyuq marşı duyarkən Knyaz Sənə qaç kərrə demiş sus, yaramaz. 

Anton 

Saqın, aldırma, nə istərsə desin, Mən başımdan keçərəm məslək için. 

Marqo 

Bu da məsləkmi, qudurğanlığa bax! Bunca Knyaz eyiliklər yaparaq, Bəsləmişkən səni, sapmaq nə için? Ya... onun ətməyidir həp yediyin. Tək deyil sən, mən, o rəhmətli baban Mərhəmət görmüşük ancaq ondan, İmdi nankor olub azmaq nə fəna!? 

Anton 

Biləkis, mərhəmət etdik biz ona, Onu biz bəslədik. 

Marqo 

Ah, sus, nə yalan!? 

Anton 

Annə! Sən aldanıyorsan... 

Marqo 

(sinirli) 

Nə zaman? Nə zaman sən ona verdin ətmək? Nə zaman sən ona sərf etdin əmək? 

Anton 

Bu saraylar da, bu sərvət də bizim. Marqo 

Xəstəsən, ah, sənə doktor lazım. 

Anton 

Neyləyim, pərdəlidir gözləriniz, Anlamaqdan məni siz çox aciz... 

(İslıq səsi eşidilir). 

Marqo 

Yenə islıq səsi, kimdir əcəba? 

Anton 

Arxadaşlar. 

(Getmək istər). 

Marqo 

Nerəyə? 

Anton 

Fabrikaya! 

(Şakro gəlir). 

Marqo 

Getmə, oğlum! Nə olar, dinlə məni, Sağ buraxmaz bu inad iştə səni. Bilirəm, Şakro da sizdən... Lakin Aşmayır həddini əsla... Anton 

(Şakronu nifrətlə süzər) 

Miskin! 

(anasına) 

Bir müdaraçı hərifdir o, inan, Yardım olmaz bizə hər alçaqdan. 

Şakro (sinirli) 

Nə demək, sən məni təhqir etdin?! 

Anton 

Məsləkin hiylə, müdara ki sənin. Bu nə yaltaqlıq? Ədəbsiz canavar! Səncə yoxsulları əzməkmi şüar? Söyləyirlər ki, baban dəllal imiş, Görünür səndə də vardır o baxış. 

Şakro 

Boşboğazlıq yetişir, coşma, düşün, Bizi məhv etdirəcəksən bir gün. Duysa Knyaz köpürüb çıldıracaq. 

Anton 

Ya... timarxanə deyil burdan uzaq. Marqo 

Yenə sən çıldırıyorsan, yavrum, Tutduğun yol uçurum, ah, uçurum. 

(Göz yaşını silir). 

Sarmış ətrafını məhbəs və ölüm, Nasıl olsun buna razı könlüm? 

Anton 

(sinirli) 

Annə! Göz yaşları versəydi nicat, Mən də ağlar, üzülərdim, heyhat... Yoxsa əzmində mətanət, er-gec Boğacaqdır səni azğın bir heç. Könül istərsə geniş hürriyyət, Bir düyün zövqü verir hər dəhşət. Hər bəla gəlsə köküs gər də bir az; 

(dörd-beş addım yürüyərək) 

Bizi məhbəs və ölüm qorxudamaz! 

(Gedər). 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir hovuz... Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oxşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs... gündüz... Lena 

(Marqo ilə bərabər gəlir, ətrafı süzərək) 

Bülbülləri seyr eylə, nasıl şən, Şaqraq səsə məftun olaram mən. 

(Hovuz kənarına yaxlaşır. Əlindəki kağıza bükülü ətmək parçasını ufaldaraq balıqlara atır). 

Bax, oynaşıyor dürlü balıqlar. Ən nəşəli munis ufacıqlar. 

Marqo 

Heyrət!.. Nə gözəllik, nə şətarət!.. Hoplar, sevinirlər, nə səadət!? 

Lena 

(Təkrar ətmək parçaları atır). 

Altun kimi parlar sarı çapqın. 

Marqo 

Bax, bax, bu qızıllar daha sapqın. 

Lena 

Çox çoş o yosundan süzüləndə, Bir lalə kayar sanki çəməndə. 

Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahənglə çoban düdüyü çalınmağa başlar. 

(Lena məczub) 

Ya rəb, nə həzin səs, nə füsunkar? 

Marqo 

Bax, burda məzarlıqda çalırlar. 

Lena 

(çevrilib baxır, mütəəssir olur, əlini köksünə qoyaraq həsrətli baxışlarla) 

Ah, annəmi xatırladım iştə... 

Marqo 

Almışdır onu tanrı behiştə. 

Lena 

Anton mənə anlatdı ki, guya, Cənnət yalan, əfsanədir İsa. 

Marqo 

Heç dinləmə, yavrum, onu, ah, sus! Dinsizlərə uymuşdur o mənhus. 

(ətrafa baxaraq) 

Jasmen hanı? 

Lena 

Daim o çıxar da, Ətrafı dalar seyrə yuxarda. 

(aşağı yola baxaraq) 

Anton gəliyor, gözləri dalğın... 

Marqo 

İnsanmı, burax sən də, o çılğın!.. 

Anton (Əlində qəzetə gəlir). 

Sən burdamısan, Lena? 

Lena 

Əvət, sən... Ürküb qaçıyorsan yenə bizdən. 

Anton 

(Hovuz kənarındakı sıraya oturur). 

Məşğul idim azcıq. 

Lena (əli ilə yuxarı çıxmağa dəvətlə) 

Gəl, oturma! Anton 

Yorğun kimiyəm. 

Marqo 

(Lenanın qolundan tutaraq, darğın və kinayəli) 

Kəndini yorma, Gəl, daş daşımış, bəlli ki, yorğun... 

(oğluna) 

Ah, sən məni həp qəhr ediyorsun. Tək bir gecə yatmaz da yataqda. Həp başda daşırsan dəli sevda, İzlər səni min dürlü fəlakət... 

(Gedirlər). 

Anton 

(əli ilə rədd edər kimi) 

Söylənmə, yetər, haydı, çəkil get! (Əlindəki qəzetəni mütaliəyə başlar). 

Şakro 

(bir az sonra aşağı tərəfdən çıxar. Antona yaxınlaşaraq) 

Sən nerdə idin dün gecə, yavrum, Susmaq nə için? Həp mənə məlum! 

Anton 

Dəf ol, yetişir... Şakro 

Dur, məni dinlə, Mən arxadaşam iştə səninlə. 

Anton 

Hər xainə yoldaş olamam mən. 

Şakro 

Xainmi?! 

(qoltuq cibindən bir dəftərçə çıxarır) 

Bü dəftər nə imiş? 

Anton 

(əlindən alır) 

Sən Həm firqəyə, həm kəndinə xain... 

(dəftərçəni yırtıb parçalar, üzünə çırparaq) 

Al! Dərs olar əlbət bu səninçin. Minlərcə sənin eşlərin ancaq Yoxsulları etməkdə oyuncaq. 

Şakro 

Bilməm ki, şaşırdınmı, nədir bu? Zənnimcə, yolun çox uçurumlu... Bir arxadaşın dün gecə qaçmış, Həp firqənizin sirrini açmış. Çıx get, acıram halına... Ən son Bir məsləhətimdir sənə, Anton. 

Anton 

(acı qəhqəhəylə) 

Minlərcə ac, işsiz əzilirkən, Yalnız acıyorsan mənə həp sən. Məhbəs kəsilib yoxsula dünya, Azğınlar edir hökmünü icra. Layiqmi durub seyr eləyim mən, Bir gün belə çıxmam bu şəhərdən. Anton deyil azğın, deyil alçaq, Acizlərə yardım dilər ancaq. 

Şakro 

(gülərək) 

Şən Tiflisi atmazsan, əvət sən, Cəzb etmədə hər gün səni Jasmen. 

Anton 

Həp saçma, yalan... 

Şakro 

(gülərək) 

Bəlkə həqiqət, Kim qılsa sizin gözlərə diqqət, Aydın görünər girdiyiniz rol. Anton 

(qafasını oynadaraq, laübali) 

Mən istəmiş olsaydım, əmin ol, Çoxdan mənə həmdəmdi o afət, Kəndim onu atdım... 

Şakro 

(sərsəm gülüşlərlə) 

Nə məharət!? 

(iki-üç addım uzaqlaşaraq, ciddi) 

Min təhlükə izlər səni hər gün, İstərsə də Jasmen sənə küssün, Çıx get də, burax Tiflisi... 

Anton 

Alçaq!.. 

Şakro 

Yardımçı mənəm bir sənə ancaq. 

(Çəkilib gedir). 

Anton 

Knyazlara get, yardıma qoş... Mən Yardım diləməm ov köpəyindən. 

Jasmen yuxarı tərəfdən gəlir. 

Jasmen 

Anton yenə dalğın, yenə tənha. 

Anton 

(hörmət və sevinclə) 

Sən nerdə idin? 

Jasmen 

İştə yuxarda. Yüksəklərə çıx, gör də nələr var. Xoş mənzərələr ruhunu oxşar. Tifliç ayaq altında gülümsər, Göz qırpar uzaqdan sənə hər yer. Ətrafı tamaşaya dalırkən, Dünyanı yaratdım sanıram mən. 

Anton 

Bir yanda coşub-daşsa da varlıq, 

Bir yanda sırıtmaqda məzarlıq. Bir yanda gülümsər mədəniyyət, Bir yanda amansız, acı dəhşət! 

Jasmen 

Seyr etdim o heçlikləri mən də, Çırpındı könül matəm içində. 

Anton 

Knyazlara həp əmr ediyorkən, Bilməm niyə bədbin olasan sən?.. 

Jasmen 

(istehzalı təbəssümlə) 

Anton, yenə Jasmenlə alaymı? 

Anton 

Jasmenlə alay, sanki qolaymı? 

Jasmen 

Sən köydə nəzakətli bir eşdin, Aç, söylə, neçin böylə dəyişdin? 

Anton 

Sənsiz yaşıyorkən qabalaşdım, Həm Jasmenə, həm kəndimə şaşdım. 

Jasmen 

Yox, Jasmen o Jasmendir, əmin ol. 

Anton 

Bambaşqa bu gün oynadığın rol. Mən fabrikalar, paslar içində! (Jasmenin üstündəki almasları göstərir). 

Sən incilər, almaslar içində! Mən köydə sənin, sən də mənimdin. Üstün gələrək yoxsula zəngin, 

(İstehzalı təbəssümlə) 

Altunla sönüb səndəki hər hiss, Oldun ulu knyazlara munis. Sərxoşlara uydun, məni satdın... 

Jasmen 

Ya... sən nə için Jasmeni atdın? Ayrılmayaraq fabrikalardan, Etdin məni həp məsləkə qurban. 

Anton 

Yox şübhə, anardım səni hər gün, Məslək və vəzifəm daha üstün. 

Jasmen 

Yox səndə günah, iştə bu aydın, Sən Jasmeni əvvəl heçə saydın. Bax, imdi də məndən qaçıyorsan, Kinlər və tikənlər saçıyorsan. Könlümdəki çarpıntını bilsən, Bilsən ki, nələr çəkmədəyəm mən... 

Anton 

(istehzalı qəhqəhələrlə) 

Könlünmü?!. İnanmam buna əsla! Jasmen 

(onun əlini köksünə qoyaraq) 

Bax, çırpınıyor, susmada hala. 

Knyaz qarşıdan çıxır, bu mənzərədən fəna halda sarsılır. Jasmen onu görüncə özünü toplayır. 

Knyaz 

Jasmen! Hanı Marqo? Hanı Lena? 

Jasmen 

Yox, məncə, təlaş etmədə məna. Çamlıqda gəzib əyləniyorlar, Bax, iştə bərabər eniyorlar. 

(Antona) 

Anton! Çağırın onları lütfən. 

Anton 

Baş üstünə! 

Knyaz 

(Jasmenin ruhunu oxurcasına kinli və qısqanc baxışlarla süzərək) 

Jasmen! Bu nə, Jasmen?!. Təbrik edirəm eşqini, ah, sən... 

(sözünü bitirəməz) 

Jasmen 

Bilməm ki, neçindir bu kinayən? 

Knyaz 

Sən Knyazı divanəmi sandın? Yox, yox görünür məndən usandın. Əğyar əli köksündə, rəzalət! Bir söylə, neçindir bu xəyanət? 

Anton sənə munis ki, deyildi, Birdən-birə doktormu kəsildi?!. 

Jasmen 

Knyaz! Sanıram, fəzlə bu şübhən. Sürətlə yürürkən, ürəyimdən Dəhşət dolu bir vəlvələ qopdu. Sandım qara bir zəlzələ qopdu. 

(knyazın əlini köksünə qoyur) 

Bax, imdi də çarpınmada... 

Knyaz 

(şiddətlə əlini rədd edir) 

Alçaq!.. Hər sapqına oldunmu oyuncaq? Aldanma, saqın, hiyləyə, Jasmen! Hər azğına əyləncəmiyəm mən?! 

(Barmağı ilə getməsi üçün yol göstərir). 

Jasmen 

Knyaz! Məni vur, parçala, öldür! Böhtan demə, qəhr et, məni güldür. Anton soyuq erkək, qaba insan, Ürküb qaçıyor cümlə qadından. Hər kəs tanıyorkən onu, söylə, Təhqirə nə hacət məni böylə? 

Knyaz 

Ah, sus! Bu nə yoldur gediyorsan, Sən heç, məni bədnam ediyorsan... Sapdırdı əminəm səni Tiflis, 

Ah, dünkü mələk, imdi bir iblis. 

Solomon təlaşla gəlir. 

Solomon 

Knyaz! Xəbərin yoxmu? 

Knyaz 

Nə varmış? 

Solomon 

Düşmən yenə coşmuş da qabarmış. Gürcüstanı bir heç sanıyormuş, Çarpışmağa hazırlanıyormuş. Knyaz 

(acı gülüşlə) 

Həp nafilə, çarpışma nə lazım? Er-gec olarız onlara təslim. Bəzən alınır qələ içindən; 

Anton kimilər burda durukən, Dəhşət bizi məğlub edəcəkdir, Var-yox bütün əldən gedəcəkdir. 

Solomon 

Anton nəçidir? 

Knyaz 

Ən qaba insan! Ən sayğısız, ən qorxulu düşman!.. 

Solomon 

Zənnimcə, bir az səhv eləyirsən. 

Jasmen 

(təlaş və həyəcanla) 

Ah, sən onu həp məhv eləyirsən. 

Knyaz 

(çılğın) 

Jasmen! Məni söylətmə, yetər, sus! Anton, o ilandan daha mənhus... 

Bir xəfiyyə iki silahlı milislə gəlir. 

Xəfiyyə 

Anton deyə, Knyaz, biri varmış, Duydum ki, sizin evdə yaşarmış... 

Knyaz 

Çox doğru, nə olmuş? 

Xəfiyyə 

Dəmin evdən Sorduq, dedilər, çıxdı o erkən. 

Knyaz 

Anlat, nə içindir bu soruşmaq? 

Xəfiyyə 

Bir sirr ki, hökumət bilir ancaq. 

Knyaz 

(yuxarı tərəfi göstərir) 

Anton gəliyor, iştə! 

Milislər gedir. 

Rəzalət! Solomon 

Yapmış, görünür, gizli xəyanət. 

Knyaz 

(qızğın) 

Yoxsul deyərək tərbiyə etdik, Göstərdi fəqət tərbiyəsizlik. 

Lena 

(qoşaraq gəlir) 

Ah... Yardım edin siz ona, yardım! 

Knyaz 

Kimdir o, qızım? 

Lena 

Antona yardım! 

Knyaz 

Yox qorxuya hacət, yaxalansın, Nankor və ədəbsizdir o çapqın. Çıxmaz gecələr fabrikalardan, Təlim eləyir hər kəsə üsyan. 

Jasmen 

(Lena ilə) 

Knyaz!.. Knyaz 

(sinirli) 

Məni söylətmə, çəkil get! 

Milislər Antonu gətirir. 

Marqo 

(həyəcanlı halda gəlir, ağlayaraq) 

Knyaz! Bu ağarmış saça rəhm et, Oğlum gediyor, ah, mənə yardım. 

Lena 

(babasına yalvarır) 

Anton ki bizimdir, ona yardım! 

Knyaz 

Yavrum, bu hökumət işi, söylə, Əldən nə gəlir? 

Marqo 

(ağlar gözlə Knyazın qarşısında diz çökür) 

Mərhəmət eylə! 

Anton 

Yalvarma, burax! Məhv olalım biz. 

(Knyaza) 

Sərxoş olaraq zövqə dalın siz! 

Marqo 

(xaç çəkərək, göyə doğru) 

Ya rəb, bizə imdad! 

Anton 

O eşitməz... 

Marqo 

(mütəəssir) 

Ah, sus! 

Anton 

O fəlakətdən edər həzz. 

Marqo 

Ah, mərhəmət! Ey sevgili İsa! Qurtar onu, min cürmü də olsa... 

Anton 

Olsaydı onun qüdrəti, əfsus, Çarmıxda bunalmazdı... Knyaz 

Yetər, sus! Azğındakı həzyanlara bir bax! Məhv olmağa layiqdir o ancaq. 

Xəfiyyə 

Artıq gedəlim. 

Anton 

Haydı. 

Gedirlər. 

Marqo 

(sinirli fəryad ilə) 

Səfillər!. 

Dur, getməliyəm mən də bərabər... 

(Oğluna yaxınlaşır). 

Xəfiyyə 

(onu qolundan itələyərək) 

Dəf, ol! 

Marqo 

(Knyaza) 

Məni məhv et, onu qurtar! 

(etinasızlıq görüncə) 

Qatillər, amansız canavarlar! 

Yaralı hıçqırıqlar içində bayılıb düşür. Jasmenlə Lena üzünə sü səpərək ayıltmağa çalışırlar. 

Şakro 

(həyəcan və təlaşla gəlir) 

Knyaz! Yetişin yardıma!... 

Solomon 

Nolmuş? 

Şakro 

Yanqın sarıyor evləri... 

Solomon 

(ətrafa) 

Bayquş! 

Knyaz 

Kimdən bu cəsarət, bu xəyanət?! 

Şakro 

Dün qovduğunuz işçilər əlbət. 

Solomon 

Bir başqası yapmaz bunu... 

Knyaz 

Lakin, Bir gün də yaşatmam onu... Miskin! Üz buldu da hər baldırı çılpaq! Kimlər mənə düşmən kəsilir, bax! Kin püskürən azğınlara yalnız, Dəhşətli ölüm vardır amansız!.. 

Kinli və sürətli addımlarla gedir. Solomon və Şakro da onu izlərlər. 

Marqo 

(gözlərini açıb başını qaldırır) 

Anton hanı, məhv etdimi cəllad? Ah, yavrum!... Aman, yavruma imdad!.. 

(Təkrar bihal olub düşür). 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

Tiflisdə gürcü zövqünə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıaçılmış ipək pərdəli qapıdan müsafir dolu ikinci oda görünür. İçəridə kamançada “şur” çalınır. Şubat gecəsi... Şakro yarımsərxoş olaraq içəridən salona keçir. Digər qapıdan dalğın Marqo əlində boş təpsi gəlir. 

Şakro 

Marqo! Sən çox kədərlisən bu gecə. 

Marqo 

Mənə matəm gəlir bu əyləncə. Könül ağlarsa üz gülərmi, düşün! Qanlı məhbəsdə Antonum çürüsün, Siz ziyafət yapıb da sərxoş olun. 

Şakro 

Neyləyim, həp inad edir oğlun. Ona çox yalvarıb-yaxardım mən, Bəhs edir daim əski məsləkdən. 

Marqo 

(kinayəli) 

Siz ki, məsləkcə birdiniz?! 

Şakro 

Nə yalan! Bunu kim söyləyir? 

Marqo 

Rəzil insan! Səndə bir zərrə yox şərəf, əxlaq. Şakro 

Mənim ən doğru məsləkim ancaq Yaşamaq zövqü... Başqa şey bilməm, Dəyişər məsləkim zərər görsəm Mən sanırdım ki, inqilab er-gec Saracaq yurdu... Sonra baxdım heç... 

(Əli ilə rədd edir). 

Marqo 

Gündə bir rəngə, gündə bir yola gir, Batsa dünya, düşünmə... 

Şakro 

Sus, yetişir!.. Çapuq ol, haydı, boş qədəhləri al. İmdi Knyaz qızar... 

(İçəri girər). 

Marqo 

(onu izləyərək) 

Səfil, abdal!.. 

Knyaz 

(çox sərxoş olaraq Solomonla qol-qola içəridən çıxır. Daşqın və coşğun qəhqəhələrlə) Bunu kim zənn edərdi, hey, gidi, hey! Dəyişərmiş cahanda, bax, hər şey... İştə gördünmü, qəhrəman ordu Güldürür nüsrətilə şən yurdu. İnqilab ordusilə çarpışaraq Göstərir, bizdədir zəfər ancaq. 

(məğrur və həyəcanlı) 

Yaşasın gürcü xalqı! Min yaşasın!.. 

Solomon 

Daha dur, gurlayıb öyünmə, saqın! 

Knyaz 

Nə demək?! 

Solomon 

Kim bilir, yarın nə olar?! 

Knyaz 

Nə olar? 

Solomon 

Başqa bir xəbər duyular. 

Knyaz 

(istehzalı qəhqəhəylə) 

Nə xəbər? Gürcü xalqı iştə cəsur, Çarpışıb hər hücumu dəf ediyor, 

Səndə lakin nədənsə yox iman. 

Solomon 

Nə yaparsan ki, sisli bir böhran 

Daima məndə şübhələr doğurur, Sən fəqət həp fərəhli, həp məğrur. 

Knyaz 

(şən gülüşlərlə) 

Bunca bədbin olub da sızlama, dur, Kimsə möhkəm sinirli, qalib odur! 

Yan odaya keçərlər. Bu sırada yarımsərxoş bir halda bir kinto əlində böyük bir gül dəməti salona soxulur. Onu izləyən Şakro isə Mane olmaq istər. 

Şakro 

Dur da, sərsəm hərif!.. 

Kinto 

Burax! 

Şakro 

Rədd ol! 

Kinto 

Dəli şeytan deyir, bu tükləri yol. (Şakronu saqqalından yaxalamaq istər). 

Şakro 

Dəf ol artıq. 

Kinto 

(gülərək) 

Yox orda bir qopacaq, Həpsi üç tük ola, ya yox ancaq. 

Şakro 

Haydı, çıx, haydı! 

Kinto 

Nerdədir Knyaz? Ona mən gül gətirmişəm. 

Şakro 

(mane olur) 

Yaramaz! 

Kinto 

(yan baxaraq) 

Kosa gördüm, fəqət sənin kimi yox. 

Şakro 

Sus da, azğın hərif! Kinto 

Sayıqlama çox. 

Şakro 

(gül dəmətini göstərir) 

Bu neçin? Burda yox düyün, bayram, Bir gəlin köçməyir... 

Kinto 

(ətrafa) 

Nə sarsaq Adam!.. 

(Şakroya) 

Knyazın halı bəllidir, daim Ona mən güllər etmişəm təqdim. O da bol-bol hədiyyələr vermiş, Olma əngəl, saqın, bu çox güc iş. 

Bu sırada şaşqın, bənizi uçmuş bir müsafir gəlir. 

Müsafir 

(Şakroya) 

Zənn edərsəm bizim xanım burada. 

Onu lütfən çağır... 

Şakro 

Nə var, əcəba? 

Müsafir 

Vacib işlər var evdə... 

Şakro 

Heç yaramaz, Heç buraxmaz, əmin olun, Knyaz. 

Knyaz 

(çıxır) 

Buyurun, çox gecikdiniz. 

Əl verirlər. 

Müsafir 

(təlaşla) 

Müdhiş... Duyduğum çox fəna xəbər. 

Knyaz 

Nə imiş? 

Müsafir 

Vaz keçin siz bu eyş-işrətdən. 

Knyaz 

Nə için çox təlaş edirsən sən? 

Müsafir 

Nə qədər inqilabçı varsa; bütün Toplayıb imdi etdilər sürgün. Sanki Tiflisdə yoxdu yer, ancaq Kutais məhbəsində saxlanacaq. 

Kinto 

(arxadan) 

Ya hökumət nə istəyir, daha xoş 

Knyaz 

Öylə ya, doğru söyləyir... 

Müsafir (Kintonu süzərək) 

Sərxoş! 

Knyaz 

Nə zərər sürgün olsa azğınlar. 

Müsafir 

Heç zərər yox, burax asılsınlar. Daha əngəlli bir xəbər var, əvət. Bizi sarmış da kinli bir qüdrət. Söylənənlər həqiqət olsa, yarın Bolşevik pəncəsindəyik, aydın. Söyləyirlər uzaqda dəhşət var, Arabir patlayıb durur toplar. 

Knyaz 

(qolundan tutaraq) 

Gəl, canım, kim nə dersə həpsi yalan, Bunu uydursa, uydurar düşman. 

Kinto 

Həp çürük, boş laqırtı... Doğrusu az. 

Knyaz 

İştə gördünmü, afərin! 

Kinto 

Knyaz! Sizə güllər gətirmişəm... 

Knyaz 

(Şakronu göstərərək) 

Ver ona. 

(Kinto gül dəmətini Şakroya verir). 

İştə al, keyf için yarar bu sana. 

(Para verir). 

Kinto 

(paraları alır) 

Knyazın əskik olmasın kərəmi, Var olun!.. 

(Knyazın verdiyi paraları Şakroya göstərir). 

İştə çatla, bildinmi? 

(Gedir). 

Knyaz (müsafirə) 

Gəl, canım, ordu var, hökumət var, Keyfə bax, boşca qorxudan nə çıxar? Şakro qurnaz, gedər də doğru-yalan, Hər nə var, öyrənib gələr əlan. 

Şakro çıxır. Dışarıda, çox uzaqda iki top atılır. Lena ilə Jasmen salona keçir. Bəzi müsafirlər də onları izlər. 

Birinci müsafir 

Bu nə? Düşmənmi? 

İkinci müsafir 

Bolşevik topumu? Knyaz 

Sanıram bir manevra olmalı bu... 

Solomon 

Xayır, əsla, saqın, inanma, xayır... 

Knyaz 

(istehzalı təbəssümlə) 

Dur, canım... 

Solomon 

Yox, lətifə sanma, xayır. 

Knyaz Solomonla bərabər çıxır. Salondakılar da dışarı fırlar. İçəridən çalğı ilə bərabər gənclər tərəfindən “Corciaşvili” nəğməsi oxunur. Bir az sonra Jasmenlə Lena geri dönər. 

Lena 

(həyəcan və təlaşla) 

Bu nə?! 

Jasmen 

Corciaşvili. 

Lena 

Ah, Jasmen! Gir də, susdur bu sayğısızları sən. 

Jasmen 

Nə için? 

Lena 

İnqilabçı nəğməsi bu. 

Jasmen 

Sadə bir şeydir, istəməz qorxu. 

Lena 

Sadə bir şeymi?! 

Jasmen 

Get də, sən söylə. 

(geri dönən Şakroya) 

Bir xəbər bildinizmi? 

Şakro 

Yox, öylə Bəlli, aydınca bir xəbər yoxmuş. 

(oxuyub-çalanlara işarətlə) 

Bu nasıl nəğmə? 

Jasmen 

İştə həp sərxoş... 

Şakro 

Duysa, yox şübhə, çıldırar Knyaz. 

Lena 

Durma, gir söylə, böylə şey yaramaz. 

Şakro içəri fırlar. Jasmen və Lena da çıxar. 

Knyaz 

(Solomonla bərabər gəlir. Şaşqın və qızğın) 

Nə rəzalət, nədir bu azğınlıq!? Başqa bir nəğmə yoxmu? 

(Girib susdurmaq istər). 

Solomon 

(qolundan tutaraq) 

Dur azacıq. Görüyorsan dumanlıdır qafalar... 

Bu halda içəridəkilər susar. 

İştə bax, susdular. 

Knyaz 

Fəqət nə çıxar... Sayqısızlıq bu, həm də bir təhqir. Kimdir onlar? 

Solomon 

Burax, canım, yetişir. 

Marqo əlində qırıq qədəhlərlə dolu bir təpsi müsafir odasından çıxır. 

Lena 

(onu təqib və təsəlli edərək) 

Marqocan, heç sıxılma, hər qırılan Qədəh olsun... Deyil bu öylə ziyan. 

Knyaz 

(onu görüncə qızğın) 

Gözlərin kormu? Sayqısız bayquş! 

Marqo 

(sarsılmış və sinirli) 

Kor deyil, bəlkə, bəlkə bir sərxoş... 

Knyaz 

Sus, ədəbsiz, kinayə söyləmə, sus! Sən də Antonmu oldun, ah, mənhus! Sənə artıq bu evdə yox ikram, Yediyin ətmək iştə fəzlə, haram... 

Marqo 

(dolu təpsini hiddətlə yerə çırparaq) 

Gedərəm, girsin ətməyin gözünə. 

(acı və yaralı səslə) 

Yavrum, ah, Antonum! Sənin sözünə Etina etməyib də etdim inad. Mənə insan göründü hər cəllad. 

(Knyaza kəskin və həyəcanlı). 

Ya bu saçlar! Ağartdığım saçlar! Düşünüb bir utan, qızar, canavar!.. 

Solomon 

Daha kafi!.. 

Lena (ətrafa) 

Rəzalət, ah, dəhşət!.. 

Marqo 

Sizə nifrət! Yığın-yığın nifrət!.. 

(Çılğınca addımlarla çıxıb gedir). 

Şakro 

(Jasmenlə bərabər gurultuya çıxır). Bu nə səsdir? 

Jasmen 

Aman, nə oldu, nə var? 

Marqo 

(içəridən) 

Mərhəmətsiz, şərəfsiz alçaqlar! 

Şakro Lena ilə bərabər yerdəki qırıqları təpsiyə toplar. Marqo çıxdığı qapıdan çıxırlar. 

Solomon 

(yerində büt kimi dona qalmış Knyaza) 

Umulur şey deyil, bu, əlbəttə, Baxüsus böylə bir ziyafətdə. 

Jasmen 

Nə imiş? 

Knyaz 

(kinayəli) 

Əkdiyin toxumlardan Yeşərir tazə-tər çiçəkli fidan. 

Jasmen 

Mənim əkdiklərimmi? 

Knyaz 

Bəlli... yetər! 

Solomon 

Susalım, duymasın müsafirlər. 

Knyazla Solomon içəri girir. Musiqi dəyişərək “Tamara” rəqsi ahəngi çalınar. Bir qız, bir oğlan oynayaraq salona keçər. Müsafirlər də onları izlər. İki cüt daha rəqsdə iştirak edər. Anton yarımsaqqallı olaraq dış qapıdan gələr. Jasmenə yaxlaşar. 

Jasmen 

(diqqət və heyrətlə) 

Sənmisən, Anton!? 

Anton 

İştə gəldim, əvət. 

Jasmen 

Kim xilas etdi, kim? 

Anton 

(məğrur) 

Silah, qüvvət! 

Jasmen 

Knyaz olduqca kinlidir bu gecə, Çıldırır, badə sərsəm etdikcə... Sən çəkil, görsə saldırıb duracaq. 

Anton 

(yumruğunu göstərər) 

Ona qüvvət verir cavab ancaq. 

Jasmen 

Durma artıq, çəkil. 

Anton 

Annəm nerdə? 

Jasmen 

İmdi burdaydı. 

Anton 

İstəməz pərdə. Onu Knyazmı qovdu? Ah, alçaq! 

(məclisi əyləndirən Şakronu süzərək, kinli və qızğın) 

Sərsəri, şarlatan, dəni, yaltaq!.. 

Şakro 

(məclisi əyləndirir, ona-buna soxularaq oxur) 

Hər axşam keyf içində gülür Müctəhid bağı. Quş qanilə qızarmış xanımların dodağı, Mənim nazlı yarımın pudralı camalı var, Boyalıdır saçları, iki yapma xalı var. Həm cavan, həm gözəldir: əlli səkkiz yaşında. Dərman için bir tük yox kirpiyində, qaşında. Xoşlanmadım mən əsla bülbülün nəğməsindən, Məst olur dəli könlüm qarğaların səsindən. 

Anton 

(Şakronu süzərək) 

Gah “sağ” ol, gah “sol”, iştə dadlı oyun, Sənə layiq, denilsə buqələmun... 

Knyaz 

(səsə çıxaraq) 

Sayğısızlıq yetər, yetər həzyan, Çıx, ədəbsiz, həmən çəkil buradan. 

Anton 

Nerdə annəm? 

Knyaz 

O dəf olub getdi. Sən də dəf ol ki, hövsələm bitdi. İkiniz bir ilansınız, nankor. 

Anton 

(acı qəhqəhəylə) 

Nankor olduqsa əfvə layiq gör. 

Knyaz 

Həp bu həzyan içinmi gəldin sən?! 

Anton 

Xoş xəbər vermək istədim sənə mən. 

Knyaz 

Nə xəbər? 

Anton 

Durma, yol tədarükü gör. Bil ki, Anton deyil də çox nankor. 

Bu sırada çox uzaqda iki zəif top patlar. 

Müsafirlər 

Ah... 

Birinci müsafir 

Aman, gəldilər. 

İkinci müsafir 

Nə çirkin hal. 

Solomon 

(başını sallar) 

Həp xəyal oldu, getdi istiqlal. 

Anton 

(cibindən teleqraf xəbərlərinə məxsus qəzetə əlavəsi 

çıxarıb verər) 

Burda sən zövq içində məst-xumar, Gurlayır hər tərəfdə, bax, toplar. Var ikən əldə qaçmaq imkanı, Sovuşur həp hökumət ərkanı. İştə fürsət!.. Nə varsa, topla da qaç! Qafil olsan, qalarsan ac-yalavac. Yarın artıq öyündüyün sərvət, Sənə yalnız qazandırar lənət. Qüdrətin varsa, çıx vuruş, çarpış! 

(məğrur qəhqəhəylə) 

Nə için, anlamam, bu kinli baxış? Bəlli, yox sizdə öylə bir cürət, Burda yalnız igidlik istər, əvət. Həpiniz sayğısız, rəzil, alçaq, Həpiniz tülkü, tülküdən qorxaq. İştə meydan! Ər ol, ya əz, ya əzil! 

(cibindən məndilini çıxarıb uzadar) 

Ağlamaq istəsən, buyur məndil! Başqa bir qurtuluş yox... Ən eyi yol Qaçmaq... 

Knyaz 

(oxuduğu xəbərdən mütəəssir olaraq çılğın) 

Ah, sus, yetər, çəkil, dəf ol! 

(cibindən revolveri çıxarır) 

Söylənib durma, haydı, çıx, yoxsa, Çıxararlar həmən cənazəni... 

Anton 

Ya... Hanı, göstər də bir cəsarətini, Görəlim barı son məharətini. 

(İki-üç addım irəliləyər) 

Knyaz İştə al!... 

Revolver patlar. 

Anton 

Ah, şərəfsiz, ah, cəllad!.. 

(Aldığı yaradan bihal olub düşər). 

Knyaz 

Bax, nasıl susdun? 

Anton 

(son nəfəsilə) 

Ah... 

Jasmen 

Aman, imdad!.. 

Əllərini dəhşət və heyrətlə qaldırıb Antonun üzərinə qapanmaq istər. Knyaz qolunu yaxalar. Durduğu yerdə dona qalar. 

Marqo 

(şən və həyəcanlı addımlarla gələr, qapı yanında duran Jasmenə) 

Söylə, ah, nerdə Antonum? 

Jasmen 

(Həzin və müztərib) 

Marqo! 

Onu heç sorma... 

Marqo 

Nerdə, nerdədir o? 

(Ətrafa baxıb Antonu görür, sarsılır). O nə!? Ah, sənmisən!? 

Anton 

Zavallı ana... Mənə gəl! Marqo 

(acı fəryadla) 

Yavrum, ah, nə oldu sana? Sənə kim qıydı? 

Anton 

(Knyaza işarətlə) 

Ən dəni məxluq!.. 

Marqo 

(çox sinirli və çılğın) 

Antonum! Yavrum, ah, zavallı çocuq! 

Yaralı hıçqırıqlarla üzərinə qapanır. Bu sırada iki top daha atılır, içəri salonun pəncərəsindən baxıldıqda, uzaqlarda yanğın əlaməti görünür. 

Knyaz 

Yenə toplar!.. 

Şakro 

Aman, böyük yanğın! 

Birinci müsafir 

Gedəlim, iştə hərb... 

İkinci müsafir 

Əvət, dağılın! 

Müsafirlər qarışıq halda salonu tərk edir. 

Solomon 

(pəncərədən baxır) Ah, alov dalğa-dalğa yüksəliyor... 

Anton 

(dirsəyinə dayanıb iztirab və sevinclə) 

İştə... onlar!.. Bizimkilər... gəliyor!.. 

(Yenə arxası üstə düşür). 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 

İki il sonra, Berlində üst qatda, alman zövqünə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə... Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oxşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. Solomon bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həziranın son günləri. Axşam... Uzaq qonşuda pianoda lirik parçalar çalınır. 

Knyaz alafranqa qiyafədə olaraq balkonda ətrafı seyrə dalar. Salona keçib Solomona yaxlaşar. 

Knyaz 

İştə Berlin! Mədəniyyət ocağı, Hər yaşıl səhnəsi cənnət bucağı... Hər tərəf dalğalı, hər mənzərə şən, Fərqi yoxdur gecənin gündüzdən. Hər salondan uçuşur zümzümələr, Qadın-erkək gülüşüb rəqs eylər. Gecə Berlində çalışmaq məncə Sofuluqdur, var ikən əyləncə. 

Solomon 

Məndə əyləncəyə yox meyl artıq, İki ildir ki, usandıq, bıqdıq. İki ildir ki, gedib var-yoxumuz, Bəklədik, həp daşa dəydi oxumuz. 

Knyaz 

Heç sinirlənmə, yoruldun, enəlim, Musiqi dinləyərək əylənəlim. 

(Yazılan dəftərləri süzərək) 

Bu nə, bilməm, səni həp cəzb eylər... 

Solomon 

Vətən əhvalına aid şeylər... 

Dəftərləri toplayıb çəkməcəyə qoyar. Bu sırada üzü təraş edilmiş, alafranqa geyimli Şakro knyazın panama-şlyapasını və bastonunu gətirir. Solomon ona bir paket uzadar. 

Bunu ver postaya... 

Knyaz 

Məktubmu? 

Solomon 

Əvət. 

Knyaz 

Nerəyə? 

Solomon. 

Tiflisə. 

Şakro 

(dərin bir ah çəkərək) 

Qaldıq həsrət. 

Solomon. 

(Şakroya) 

İki gündür yenə daşmış kədərin, Düşünür, həp düşünürsən, bu neçin? 

Şakro 

Özlərəm Tiflisi hətta gecələr, Doğduğum ev mənə röyada gülər. Cənnət olsun da bu Berlin, nə çıxar, Vətənin başqa gözəllikləri var. 

Knyaz 

Heç maraq etmə, yaxınlarda səni Yenə Kür nəhri öpər... 

(Baston və şlyapasını alır.) 

Dinlə məni! Lena dərs aldımı? 

Şakro 

Zatən bitdi. Dəmin almanca müəllim getdi. 

(Sol qapıdan çıxır.) 

Solomon 

Nerdə Jasmen? 

Knyaz 

Görünür süsləniyor. 

Solomon 

Süs nə lazımdır, o bir işvəli nur. İncə bir halı, ufaq qıvrılışı, Qara kirpikləri, cazib baxışı Məstü heyran eləyir hər salonu, Berlinin gözləri alqışlar onu. 

(Şapkasını, bastonunu alır, çıxarkən Knyaza) 

Mənə bax, Şakro sapıtmış da bir az, Ona zənnimcə inanmaq yaramaz. Onda İsanı satan Yuda kibi Bir baxış var ki, bilinməz səbəbi. 

Knyaz 

Səhviniz var... 

Solomon 

Xeyr, əsla! 

(Sağ qapıdan çıxırlar). 

Şakro 

(Qapı arasında görünər) 

İblis! Sezdi həp fikrimi bir anda xəbis. 

(Salona keçir, saçlarını qarışdırıb düşünür.) 

Jasmen 

(eyni qapıdan gələr) 

Yenə dalğın kimisən, söylə, nə var? 

Şakro 

Anton ölmüş də, sıxıldım... 

Jasmen (ətrafa) 

Canavar! 

Şakro 

Kim bilir, bəlkə də sağdır. 

Jasmen 

(ətrafa) 

Budala! 

(Şakroya) 

Anmadım mən onu bir an əsla! 

Şakro (Ətrafa) 

Soyumuşdur bilirəm Knyazdan. Məni sevməzmi bu afət bir an? 

(Ansızın əlini yaxalar, öpər.) 

Nə gözəl, ah, nə gözəlsən! 

Jasmen 

(etinasız, məğrur bir tövrlə əlini çəkir, istehzalı qəhqəhələrlə) 

Bu nə hal? 

Şakro 

Mənə yox, könlümə sor!.. 

Jasmen 

Sus, abdal! Duysa Knyaz səni məhv eylər, inan. 

Şakro 

İmdi artıq o sönük bir insan... İçki etmiş onu sərsəm və səfil... 

(Öz qəlbini göstərir.) 

Fəqət atəşli könül öylə deyil... 

Jasmen 

(dadlı qəhqəhələrlə) 

Qorxuram səndəki atəşlə yarın Bütün Avropanı sarsın yanğın. 

Şakro 

Yetişir bunca həqarət, Jasmen, Bəkləyirsən, bilirəm Antonu sən. 

Jasmen 

O ki, ölmüş... 

Şakro 

Ölü məktubmu yazar? 

Jasmen 

Kimə yazmış? 

Şakro 

Sənə. 

Jasmen 

Xain, qəddar! Böylə həzyanlara yol vermə, saqın! 

Şakro 

Sən mələk çöhrəli bir şeytansın, Gecə-gündüz məni həp sıtma yaxar. Səndə yalnız acı istehza var. 

Jasmen 

(gülərək balkona çıxır) 

Xəstəsən, get, azacıq yat! 

Şakro 

(sol qapıdan çıxaraq, kinli və qızğın) 

Mənhus! Gül!.. Yarın ağlayacaqsan, əfsus! 

Lena sağ qapıdan əllərini bir-birinə çarparaq gülə-gülə gəlir. 

Jasmen 

Həp gülürsən, bu nə? Məsum iblis! 

Lena 

Xoş xəbər!.. Berlinə gəlmiş Tiflis. 

Jasmen 

Söylə anlat, nə imiş? 

Lena 

Müjdəmi ver. 

(Yenə gülüb durur.) 

Jasmen 

Qız! Nə olmuş? 

Lena 

Səni Anton bəklər. 

Jasmen 

Əcəba nerdə buluşdun? 

Lena 

Əlan, Mənə rast gəldi keçərkən qapıdan. 

Jasmen 

Ah, fəqət görsə, əmin ol, Knyaz Çıldırıb kökləyəcək bir yeni saz. 

Lena 

Kimsə duymaz, çapucaq söyləşiniz, Bəklərəm burda... Yarın hər ikimiz Çıxarız seyrə, “Göy orman” eyidir. 

Jasmen 

(Lenanı öpər, sol qapının açarını çevirib qapar) 

Burda çox az görüşsək yetişir. 

Lena 

(sağ qapını açaraq) 

Buyurun!.. 

Anton 

(şıq alafranqa qiyafədə görünür. Lenanın saçlarını oxşayaraq) 

Ah, nə gözəlsən, bilsən... 

Lena 

Gəlirəm, imdicik... 

(Çıxır.) 

Jasmen 

Anton! 

Anton 

(onun əlini sıcaq busələrə qərq edərək) 

Jasmen! 

Jasmen 

Bu səfa yurduna sən xoş gəldin, Ah, nə parlaq, nə gözəldir Berlin. İştə qüdrət və mətanət ocağı, Hər tərəf nəşə, səadət bucağı. 

Anton 

Biləkis, fabrikalar, mədənlər Ac və möhtac olaraq həp inlər. 

Jasmen 

Öylə şey görmədim əsla... 

Anton 

Nə həzin!?. 

(təbdili-ahənglə) 

Çox kiçik şeyləri, əlbəttə, sizin Görəməz gözləriniz... Yox ki, maraq... 

Jasmen 

Yenə həp əski təbiət!.. Mənə bax, Söylə bir, söylə nasıldır Marqo? 

Anton 

İmdi çox başqa bir aləmdədir o, Hoppa knyazlara xidmət yerinə Baxıyor imdi çocuq evlərinə, Gürcü öksüzlərinin annəsidir. 

Jasmen 

Nə gözəl!.. Ah, onu görsəydim bir... 

(bir az düşünür, Antonun əlini əlləri içinə alaraq) 

Söylə, anlat ki, neçindir bu gəliş? 

Anton 

Knyazın qurşunu azğın, müdhiş... Ciyərimdən onu dəf etmək için Məni cəlb etdi uzaqdan Berlin. 

(Cibindən bir qurşun çıxarır.) 

Nerdə Knyaz, bunu ver kəndisinə... 

Jasmen 

Yenə sən əski inadında, bu nə!? Həp unut keçmişi, gəl, söz ver də, Yarın erkən buluşub bir yerdə, Çıxalım seyrə... 

(Bir az düşündükdən sonra.) 

Potsdam eyidir!.. Möhtəşəm mənzərələr var, nadir... 

Anton 

Ya? 

Jasmen 

Fridrix sarayı çox dilbər, Bir zaman orda yaşarmış Volter. Nə böyük şöhrəti varmış!.. 

Anton 

Buraxın!.. Böyük olsaydı kiçilməzdi, saqın! 

Jasmen 

Kiçik olsun, nəmə lazım... Əməlim, Məqsədim bir görüşüb söyləşəlim... Məni illərcə unutdun... Var-yox İki məktubunu aldım... 

Anton 

İş çox... Səni ansam da, inan, yox vəqtim. 

Jasmen 

(dərin bir ah çəkərək) 

Bilirəm, ah, nə qədər bədbəxtim. Məni bir ləhzə düşünsən nə çıxar? 

Anton 

Səni məsud edəcək yollar var... 

Jasmen 

Ya xilas et məni, ya məhv eylə, İstəməm başqa təsəlli, söylə, Nə zaman Berlini tərk etməlisən? 

Anton 

Kim bilir, bəlkə yarın... 

Jasmen 

Ah, nə için? 

Anton 

Fikrim İsveçrəyə olmaq azim, Bir çox alati-sənaye lazim. 

Jasmen 

Nə olur, söylə, mənim halım o gün. Nə olur, Jasmeni bir kərrə düşün! 

Anton 

Şərqdən qərbə uçan bir tavus Şərqə uçmazmı? 

Jasmen 

Qanad yox, əfsus!.. 

Anton 

Sənə Anton qanad olsun... 

Jasmen 

(sevinclə) 

Nə gözəl!.. 

Anton 

(bir kart-vizit verir) 

İştə adres, yarın erkən mənə gəl... 

Jasmen 

Gələrəm. 

Anton 

Gəl də, könül şənlənsin. 

Jasmen 

(onun əllərini yaxalar, süzgün baxışla) 

Sən!? 

Anton 

Mənimsən, gözəlim. 

Jasmen 

Mən də... 

Anton 

Sənin. 

(Çılğınca busələrlə öpüşürlər). 

Jasmen 

(dərin bir ah çəkərək) 

Altı ildir, yetər, oldum dustaq! Məni knyaz bir oyuncaq yaparaq, Şən saraylarda zəhər uddurdu. Buraxıb gəldim o munis yurdu. Dayə oldum da bu sərxoş çocuğa, Gündə bir qovğa çıxır ortalığa. İmdi çox başqa fəqət məndə maraq, Dilərəm canlı bir atəş olaraq, Çalışıb zövq alayım səyimdən, Rəhbər olsan mənə sən, yalnız sən! 

Anton 

(onu qolları arasına alır, çox məmnun və həyəcanlı) 

Nə səadət!... Nə səadət, bilsən. Həmdəmim olsan, əvət, gerçəkdən Uysa məfkurəmə dilbər Jasmen, Öyünür, göylərə sığmam belə mən. 

Jasmen 

Tutduğun yolları həp izləyərək, Sənə Jasmen olacaq həmməslək. 

Lena 

(qapını açaraq) 

Gəldilər. 

Anton 

(şapkasını alar) 

Mən gedəyim... 

Jasmen 

Sağlıqla. 

Lena 

Yenə təşrif ediniz. 

Anton 

(hər ikisinə əl verib çıxır) 

Çox əla. 

Jasmen 

(təlaşla) 

Onu Knyaz çıxıyorkən görəcək, Yenə dəhşət və alov püskürəcək. 

Lena 

O qolay... qandıraram Knyazı mən. 

Jasmen 

Lena! Ah, sən nə mələksən, bilsən. 

Knyaz əlində gül dəməti sağ qapıdan girir. 

Lena 

(ona yaxlaşır, gülləri heyrətlə süzərək) 

kimə aldın bunu? 

Knyaz 

(dəməti kin və hiddətlə Jasmenin üzünə çırparaq.) 

Bax, iştə ona! 

Jasmen 

Ah, yapılmaz bu həqarət qadına. 

Knyaz 

Söylə, burdan çıxan oynaş kim idi? Mənə düşmən, sizə yoldaş kim idi? Dağıdıb yurdumu məhv eylədilər. Söylə bir, səndən o xain nə dilər? 

Lena 

Bir günah yox sanıram Jasmendə, Mən çağırdım da, qəbahət məndə... 

Knyaz 

(qızının qolundan tutub nifrətlə itələyir) 

Haydı, dəf ol, mənə dərs öyrətmə, Bir çocuqkən, sapa yollar getmə! 

(Lena sol odaya yaxlaşar, açarı çevirib çıxar, Knyaz bunu görüncə daha çılğın) 

İştə bax, həm də qapanmış qapılar, Görünür pərdəli əngəllər var. 

Jasmen 

Yetişir, qəhr eləyirsən məni sən, 

İftira, mən uzağam hər ləkədən. 

Knyaz 

Əvət, əxlaqı sönüklər, bəlli, Göstərir kəndini ismət modeli. Bir düşün, sən nə idin köydə ikən? Nə idin, sonra nə oldun, Jasmen!? Kimsəsiz bir qız idin ac, möhtac, Gəlib oldun öyünən başlara tac. Səni sevdirdi də ismət az-çox... İmdi, əfsus, o da yox, ah, o da yox 

Jasmen 

Həp yalan... ən qara, ən kirli yalan!.. 

(Əlləri ilə üzünü qapar, acı və sinirli bir halda ağlar durur.) 

Lena 

(həyəcanlı fəryadla gəlir) 

Getdi, həp var-yoxumuz getdi... Aman! Qırılıb çəkməcələr, sandıqlar, Aşırılmış paralar, hər nə ki var. 

Knyaz 

Nerdə bax, gör bu ədəbsiz Şakro? 

Lena 

Evdə yox... 

Knyaz 

Hanki cəhənnəmdədir o? 

Lena 

Onu görmüş dəmin ev sahibəsi, Əldə bir çanta... tıxanmış nəfəsi, Sovuşub bağça tərəfdən getmiş... 

Knyaz 

Bitdik artıq, bu xəbər ən müdhiş. İştə! Oynaş güdən azğınlar için Bu fəlakət belə azdır... 

(Jasmeni nifrətlə süzərək) 

Miskin. Bu xəyanətlərə bais həp sən!.. Hər bəla səndən, əvət, həp səndən... 

(kinli addımlarla sol odaya keçərək) 

Sarmış ətrafımı vicdansızlar, Ah, səfillər, qaniçən qansızlar! 

Jasmen 

(göz yaşlarını silərək, Lenanı həsrətli baxışlarla qucaqlar) 

İmdi bildim ki, səadətmiş ölüm, Öpəyim, gəl, səni son dəfə, gülüm! 

(Öpər, palto və şapkasını alıb getmək istər.) 

Lena 

(önünə keçərək) 

Söylə, Jasmen, nerəyə, ah, nerəyə? Yox, buraxmam səni... 

Jasmen 

Dönməm geriyə. Yetişir dinlədiyim son təhqir, 

Məni bıqdırdı bu altun zəncir. Knyazın yapdığı vəhşi qabalıq. Bir nəvaziş ki, çəkilməz artıq. 

(Yerdəki gül dəmətindən birini alır.) 

İştə bir xatirə... qalsın məndə, Bu da çeynəndi, əvət, Jasmen də. Bu gülün yox deyil, əlbət, dəyəri, Bir tikəndən daha kəskin zəhəri. 

(Gedəcək olur.) 

Lena 

Getmə, dur, mərhəmətin yoxmu mənə? Lena həmşirə qədər bağlı sənə. 

Jasmen 

Sən deyilsən mənə həmşirə, xayır, Taleyim çünki ölümdən qaradır. Sən səadət və əsalət çiçəyi, Mən fəlakət və səfalət böcəyi... Məni qoynunda böyütmüş boralar, Kin və atəş sovuran fırtınalar. Olsa, həmşirəm olar həsrətlər, Acılar, faciələr, dəhşətlər. Əlvida!.. Artıq unut Jasmeni sən, Unut artıq məni... 

(Sağ qapıdan çıxır.) 

Lena 

(arxadan yaralı və ümidsiz bir halda) 

Jasmen!.. Jasmen!.. 

Knyaz kinli addımlarla gələr. 

Knyaz 

Nerdə Jasmen? 

Lena 

Sovuşub getdi... 

Knyaz 

Əvət, Bu da bir başqa xəyanət, dəhşət!.. Neçin uydum da, inandım ona mən!? Sağ qalar sanma nə Jasmen, nə də sən! 

(Sinirli bir halda bütün vücudu və səsi titrəyərək Lenaya hücum edir). 

Ah, səfillər, üzü ağ fahişələr! 

Lena 

Yetər, ah!.. 

(Acı fəryadla başı dönüb yerə yıxılır.) 

Knyaz 

İştə cəza! Haydı, gəbər!.. 

PƏRDƏ 

BEŞİNCİ PƏRDƏ 

Berlində bir kafe-restoran... Sağda, solda birər qapı... ucda kiçik bir səhnə... Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer... Ətrafda müştərilərə məxsus masa və sandaliyələr... Mayısın ilk günü... 

Solomon bir yanda, bufet qarşısında qəzetə oxur. Xidmətçi qadınlar və qızlar masaları silib təmizlər. Qadınlar şişman ikən, qara gündən ovurdları batmış qızlar isə zəif, solğun görünürlər. 

Knyaz 

(içəridən dəhşətlə bağırır) 

Onlar, yenə onlar, yenə onlar!.. 

Solomon 

(xidmətçi qızlardan birinə) 

Çıldırdımı Knyaz, nə xəbər var? Get, Lenaya anlat ki, usandıq, Susdursun o divanəni artıq. 

(Qız sağ tərəfdən çıxır. Solomon yerindən qalxıb masaları silib təmizləyən qadınlara.) 

Diqqət edəlim, hər şeyə diqqət! Çox başqadır almandakı xislət. Bir yerdə əgər yoxsa nəzafət, Yaxlaşmaz, edər bəlkə də nifrət, 

Bu sırada saçları ağarmış Knyaz bir əldə əsa, bir əldə ağ qalpağı, əski ağ milli qiyafətdə qapıdan girər. Bahar olduğuna baxmayaraq, boynu xəzli qalın paltosu da üstündə bulunur. Hənuz görünmədən səsi eşidilir. İçəri girincə əlini köksünə vurub komanda edər kimi gurlar. 

Knyaz 

Knyaz! Bu nasıl ad? Hər seyhəsi üsyan, acı fəryad!.. 

Yox şübhə ki, dünya dolu knyaz. 

(əli ilə köksünə işarət edər) 

Lakin mənə derlər, ulu Knyaz! Hər baldırıçılpaq məni duymaz, Yox, anlayamaz qartalı hər qaz. 

(birdən-birə mütəəssir) 

Nəslim ulu bir nəsl idi əvvəl, Mən imdi nəyəm? Bir quru heykəl! Hər an gəmirir qəlbimi bir kin, Gündən-günə dəhşət daha kəskin. 

(ətrafındakılara) Lənət, mənə lənət, sənə lənət, ona lənət! 

(Nifrətlə ətrafa tüpürür.) 

Kor şeytana lənət! Bir vulkan idim, mum kimi söndüm, Bir aslan ikən tülküyə döndüm. 

(Qadınlara şaşqın baxıb.) 

Bir mənmi? O qızla bu qadın da Bambaşqa yaşarlardı yaxında. 

(Birinə hücum edər kimi.) 

Dün sən nə idin? Sahibeyi-tac! Ya imdi nəsən? Ətməyə möhtac. 

(bir başqasına) 

Dün göydə uçan cilvəli tavus, Bax imdi toyuqdan belə mənhus. 

(Xidmətçi qadınlara hücumla tüpürür.) 

Fu! Kirli böcəklər!.. Azğın kələbəklər. 

(bir başqasına) 

Gəl, gəl mənə, vurğun sənə Knyaz, Sən yağlı bir ördək, o da bir qaz. 

(Təkrar gülür, ansızın halı dəyişərək.) 

Eyvah! O nə dəhşət! İnsanları sarmış qara vəhşət. Dünya yanıyor, sarsılıyorkən, 

Yalnız gülərəm mən. 

(Qəhqəhələrlə gülür, sonra mütəəssir.) 

Ha-ha-ha-ha!... Yalnız onu, yalnız o gözəl Jasmeni görsəm, Bilsən o nə sərsəm; Bir heçlə bir axşam məni atdı, Əğyara uyub yarını satdı. Ah, qalmadı heç kimsədə hörmət və ədalət, 

(göyə doğru) 

Ya rəb, bu nə zillət, nə rəzalət?! Artıq yetişir bunca fəlakət, Dinsizləri qəhr et! 

(üsyan və həyəcanla) 

Yox, yox, o da aciz, o da xamuş... Yox, tanrı da həp onlara uymuş. Anton, qara bayquş!... Jasmen nə çiçəkdir onu duymuş... 

(Ayaqlarını yerə vurub tüpürür.) 

Kərtənkələnin zövqü də varmış!.. Ah, bəslədiyim bir quzu azğın canavarmış. Yox, həzm edəməm mən bunu əsla. Knyaz yaşayır, ölmədi hala. Ölmək yaşamaqdır, Sərsəm yaşayış ömrə yamaqdır. 

(İçəri qapıya doğru yürür və geri çəkilir. Gözünə qorxunc yanğınlar görünərək şiddətlə bağırır.) 

Eyvah, o nə dəhşət?! Dəhşət! Dəhşət və fəlakət. Yanğın! Yanğın!.. Tutuşub yandı bütün var-yoxu xalqın. Yanğın!.. Tutuşub yandı bütün süslü saraylar. Ah, nerdə alaylar? Kaşanələrim yandı kül oldu, Jasmen belə atəşdə, dumanlarda boğuldu. Yardım!.. Ona yardım!.. Yardım!.. Mənə yardım!.. 

(Həmən gözünə yanğın görünür, sağ qapıdan dışarı fırlar.) 

Solomon 

(Qapını kilidlər. Xidmətçi qızlardan birinə) 

Durma, qoş doktora, söylərsən ki, Bağçadan gəlsin... o görmüşdür evi. 

Qız çıxır. Son moda ilə geyinmiş alman müştəriləri... Qadın və erkək olaraq ikişər-üçər gələr, oturarlar. Onlara yanaşan xidmətçilərə ufaq-təfək yemək, çay, qəhvə, bira, limonat kimi şeylər ismarlayar, öz aralarında qonuşarlar. Bu sırada Anton yolçu qiyafətində gələr, boş bir masa qarşısında oturub cığara yaxar. Bütün xidmətçilər məşğul olduğundan Solomon özü ona külqabı gətirər. Anton onu görüncə tanır, həmən qalxır, əlini sıxaraq. 

Anton 

Əfv edərsən, Solomon, ah, Solomon! Çox dəyişmişsən... 

(Bir-birinin əlini sıxaraq bərabər oturarlar.) 

Solomon 

(başını sallayaraq) 

Əzizim, Anton! Mən deyil, sən də dəyişdin... hətta Ulu Knyaz da dəyişmiş... Lena Naz edər, sığmaz ikən göylərə dün, Hər kəsin nazını çəkməkdə bu gün. Bir il əvvəl onu oxşardı qürur, İmdi ac... Ətmək için rəqs ediyor. 

(Bir qadın qəhvə gətirir, Solomon onu və masaları silib düzəldən digər iki qadını göstərir.) 

Bu qadınlar da dəyişmiş hətta, Həpsi kef əhli ikən Moskvada; Çıxdı sərvət və səadət əldən, İmdi xidmətlə yaşarlar... Bu gedən Bir qraf zövcəsi!.. Bax, onlar da Milyoner ailəsindən... 

Anton 

Əcəba!? Knyazın halı nasıldır, nerdə? 

Solomon 

(yan qapını göstərir) 

Burda bir qülbəsi var... Pəjmürdə... Qara saçlar ağarıb bir yılda, İmdi görsən tanımazsan əsla! İştə çılğın kimi bir xəstədir o, Onu məhv eylədi nankor Şakro... 

Anton 

(gülərək) 

Knyazın sərvəti zəhr olmuş ona, Biri İsveçrədə anlatdı mana. Uyaraq işvəli bir aktrisə, Buradan gizli sovuşmuş Parisə. Qız aşırmış da bütün var-yoxunu, Tam səfalətdə buraxmışdır onu. Ac, ümidsiz qalaraq bir axşam İntihar eyləmiş... 

Solomon Ah, sərsəm adam!.. 

(Başını mənalı bir tövrlə sallar.) 

Məhv edən məhv olur əlbət, bir gün, Məncə Anton da bir az suçlu... düşün, Şakro çaldıysa onun sərvətini, Sən də saydın heçə heysiyyətini. 

Anton 

Mən nə yapdım ona? 

Solomon 

Jasmen, Jasmen!? O kiçik şeymi? 

Anton 

İnan, köydə ikən Biz bərabər sevişirdik... heyfa Mən çalışmaqda ikən fabrikada, İştə altun, para saçmış da bir az, Onu məndən çalı vermiş Knyaz. Sonra həp sərvəti əldən getdi, Çıldırıb Jasmeni təhqir etdi. O da ayrıldı həmən nifrətlə, Bunda mən suçlumuyam, sən söylə? 

Solomon 

Əcəba nerdə o afət, nerdə? 

Anton 

Gələcək imdi, yaxın bir yerdə... 

Solomon 

Yox, saqın, gəlməsin əsla, yaramaz, Çıldırar bir daha çılğın Knyaz. 

Anton 

Knyazın bildiyi Jasmen başqa, Onda yox əski kokotluq əsla. Atılıb imdi əmək cəbhəsinə, Səs verir həp əzilənlər səsinə. 

Lena səhnədə görünür, musiqi ilə həmahəng olaraq şərqi söylər. 

Lena 

Ey sallana-sallana Uçan, qərib durnalar! Mən doydum şirin cana, Minlərcə həsrətim var. Uğradınız bəlkə bizim ellərə, Məndən salam edin coşqun sellərə, Sorsa məni Gürcüstanın ipək telli qızları, İncə belli qızları, Şirin dilli qızları... Dersiniz ki, mən qurbanam süzgün, ala gözlərə, Yosma, dilbər üzlərə, Şux, ədalı sözlərə. Ey süzülüb oynaşan, Mini-mini yolçular! Mənim sizlərdən aşan Kiçik bir diləyim var; Uğradınız bəlkə çox uzaqlara, Salam edin bizim şən irmaqlara. 

Sorsa məni Gürcüstanın səfalı ormanları, Yaşıl xiyabanları, Vəfalı ceyranları... Dersiniz ki, mən qurbanam sarı, vəhşi güllərə, Sevdalı bülbüllərə, Çırpınan könüllərə. 

Lena çəkilir. Hər tərəfdən alqışlar. Təkrar görünər, şərqi söylər. 

Lena 

Bilmədim də könül verdim hər gülə, Yaraladı acı tikənlər məni. Yan baxıb süzdülər min bir naz ilə Həsrətlə nazımı çəkənlər məni. Ömrümün baharı matəmlə doldu, Diləklərim sərab içində soldu, Halımdan ürkərək tanımaz oldu, Uğrumda göz yaşı tökənlər məni. Boğdu ümidimi issız bir gecə, Hilalə bənzədim dərd içə-içə, Taleyim dönüncə saydılar heçə, Hər gün önümdə diz çökənlər məni. 

Şiddətli alqış... Lena son iki misranı təkrar edər, “ah” deyə bayğınca bir halda arxadakı sandaliyəyə oturar. İçəridən gələn bir xidmətçinin yardımı ilə qalxıb gedər. Kafedəki seyrçiləri acı bir sükut qaplar. 

Anton 

(Təlaşla qalxır). 

Görünür çox acıdır halı onun. 

Solomon 

(qolundan tutaraq) 

Heç maraq etmə, bu hər günkü oyun... 

Anton 

Əcəba, xəstəmi? 

Solomon 

Qansız, cansız... O çalışmazsa bütün ac qalarız. 

Anton 

Ona yardım edəlim... Ah, nə yazıq!.. 

(Antona yemək gəlir.) 

Solomon 

Sən ye, iç!.. İmdi keçər bayğınlıq. 

(Sağ qapıdan çıxar.) 

İxtiyar alman 

(öskürür, qalın səslə, yanındakı qadınla sarışın qıza işarətlə) 

Qızcığaz bir daha çıxmaz, gedəlim. 

Qadın 

Kim bilir, bəlkə çıxar, səbr edəlim. 

İxtiyar alman 

(öskürür) 

Bəlli şey, halı pərişan, çıxamaz. 

Qadın 

(sarışın qızı göstərər) 

Qızımız rəqs edəcək, bəklə bir az. 

İxtiyar alman 

(öskürür, soyuqqanlı) 

Nə çıxar? Rəqs edəcəkmiş qızımız!? 

Qadın 

Siz gedin, biz də bir azdan çıxarız. 

İxtiyar alman 

Çox gözəl... Sən deyən olsun, qalınız, Hoplanıb rəqs edərək, zövq alınız. 

Bu sırada yalnız olaraq çalğıçılardan birisi fleytada təcrübə için bir “çarlston” çalıb susar. 

Nə rəzalət, nə rəzalət!... Ən son Xəlqi həp sapdıracaq “çarlston”. 

(Qalxıb gedir). 

Sarışın qız 

İştə əmcəm darılır, annəciyim, Gedəlim biz də... 

Qadın 

Düşün bir, çiçəyim! Baban ölmüş də cahan hərbində, Qolu yox... İştə səqət əmcən də. Məmləkət etdi də iflas... Artıq Yeyəcəksiz, geyəcəksiz qaldıq. Qız da çox bol... Sənə bir ər lazım... Rəqsdən məqsədimiz iştə bizim, Eyi bir eş bulalım yavrumuza, Borcumuz çıxdı bu günlər boğaza... 

Sarışın qız 

Bilirəm... Ah, nə qədər miskin rol!.. 

Qadın 

Sıxılıb durma, saqın, nəşəli ol! 

Bu sırada bütün orkestra “çarlston” çalmağa başlar. Salondakı erkəklər qonşu masalardakı qızlara, qadınlara yanaşar, baş əyib rəqsə dəvət edərlər. O cümlədən, sarışın qız da ona yanaşan bir gəncin qoluna girib iştirak edər. Rəqs getdikcə canlı və həyəcanlı bir hal alır. Kənar masada oturmuş şişman bir alman narin hərəkətlərlə omuzlarını, əl-qolunu oynadar, nəzərləri cəlb edər. Səhnədəki kamançı rəqs davam etdikcə həm ayaq üzərində kaman çalar, həm də rəqs edənləri komikcə hərəkətlə təqlid edər, məclisi nəşələndirməyə çalışar. Solomon geri qayıdar. 

Sarışın qız 

(orkestra susarkən sinirli və sarsılmış bir halda anasına yaxlaşar) 

Gedəlim... 

Qadın 

Söylə, nə olmuş?! 

Sarışın qız 

Artıq Həzm olunmaz qaba əxlaqsızlıq... 

Qadın 

Qız! Nə olmuş, nə demişdir o sənə? 

Sarışın qız 

Gedəlim, ah, gedəlim, sorma mənə... 

Qadın 

Föhşə dəvətmi? 

Sarışın qız 

Yetər, sorma, yetər! Bu həyat iştə ölümdən də betər... 

Nifrətli addımlarla dışarı çıxar, qadın da gələn xidmətçiyə para verib onu izlər. Çalğıçılar səhnədən çəkilər. Digər müştərilər də ikişər-üçər hesab kəsib salonu tərk edərlər. Lena gələr, Solomon cığarasını yaxaraq ayaqda gəzinər. 

Anton 

Lena! 

Lena 

Ah, Anton! 

(Düşünərlər.) 

Anton 

Əzizim, gəl, gəl! Səni görmək nə səadət, nə gözəl... 

Lenanın əlini sıxar. O bir az soyuq və etinasız görünər. Solomon cığara içərək düşüncəyə dalar. 

Lena 

Kim bilir, bəlkə!? 

Anton 

Müəmmalı sual!? Çox dəyişdin, bu nə surət, bu nə hal? 

Lena 

İnqilab iştə dəyişdirdi bizi, Ayırıb durdu həmən cümləmizi. 

Anton 

Sadə bir bizmi?.. Dəyişməkdə cahan, Qaçıyor imdi oğullar babadan. Ana qızdan, bacı qardaşdan uzaq... 

Lena 

(onun sözünü kəsərək) 

Həp qarın qovğası, yox başqa maraq. 

Anton 

Doğru, hər qovğa qarından doğuyor, Bilərək qardaşı qardaş boğuyor. Masqalar yırtılaraq, hər məslək Sönüyor, hakim olan yalnız əmək... Bir düşün, sən nə idin, imdi nəsin, Bu gözəl, dadlı, məlahətli səsin Bir əməkdir ki, verir ruhə qida, Sən bu sənətlə əgər yurdunda Oxşasan zövqünü şən gürcülərin, Daha məqbul olar, əlbət, hünərin. 

Lena 

Mən gedərsəm nə olar xəstə babam? Mən ki, bir an belə onsuz duramam. 

Anton 

Nə olar, sən get, o qalsın burada, Öylə sərxoşlara yer yox orada. 

Lena 

(sarsılaraq) 

Ah, nə çirkin, nə çəkilməz qabalıq! O ki yapmış sənə az-çox babalıq. 

(Sinirli addımlarla içəri odaya keçər). 

Solomon 

O təsəlli umuyorkən səndən, Müztərib qəlbini qırdın yenidən. 

Anton 

(yarımqəhqəhə ilə) 

Məndə zənnimcə qüsur yoxdu, xayır, İncə bir tərbiyə!.. Heçdən daralır. 

Bu sırada dışarıda beynəlmiləl marşı çalınır, Anton pəncərəyə qoşub dinlər. 

İştə beynəlmiləl ahəngi... 

Solomon 

Əvət. 

Anton 

Nə gözəl!? 

Solomon 

(ona yaxlaşaraq) 

İştə budur hürriyyət, Burda hər məsləkə vardır hörmət. 

Anton 

(onun sözlərini aldırmayaraq, məczub bir halda) 

Bu nə sətvət, nə şətarət! 

(Solomona) 

Seyr et! İşçilər, iştə qızıl cəbhəçilər!.. “Bir mayıs”dır deyə parlar, gürlər. Qadın-erkək gülərək, rəqs edərək, İzləyib durmada bir şanlı dilək. Məni əfv eyləyin, azcıq gedəyim. Yeni dünyaya tamaşa edəyim. 

Şapkasını alaraq sol tərəfdən çıxır. Lena ürkək bir halda geriyə dönür, həyəcan və təlaşla Solomona. 

Lena 

Ah, gəldi buraxma, Çıldırmış, o çox qorxulu sima... 

Bu sırada Knyaz pərişan bir halda içəri girər. Paltosunu atmış, bir əlində yarıparçalanmış qalpağı, bir əlində də əsa gurlamağa başlar. Didilib parçalanmış əlbisəsi, dağınıq saçları, qorxunc qiyafəti çıldırmış olduğuna şübhə buraxmaz. 

Knyaz 

(Lenanı qolları arasına alır) 

Jasmen! Gözəl afət, Jasmen! Bu nə halət, nə qiyafət!.. Gəl, gəl, nə səadət! Gəl, qəlbimə gir, ver mənə rahət. Bilsən nə mələksən, Bilsən nə gözəlsən, nə çiçəksən. Anlat, sənə kim eylədi yardım? 

Ah, mən səni məhv oldu sanırdım. 

(Lenanı öpmək istər, o geri çəkilər.) 

Solomon 

(Lenaya) 

Doktor hanya? 

Lena 

Gəlmədi hala... 

Knyaz 

Doktorlara aldanmayın əsla. Onlar - kimi şeytan, kimi tanrı... Yox məndə bir ağrı... Təyyarə verin, bir uçayım mən, Allahı bulub sirr açayım mən. Yox, yox, o da ölmüş, Ölmüş də fəzalarda gömülmüş... 

(Pəncərəyə yaxlaşır, şiddətlə vurub açar, şaşqın qəhqəhələrlə göyə baxar.) 

Bir bax, nə dərindir, nə genişdir də məzarı!? Yox, uyquya dalmış, ayılıb gülsə də barı... Ah, gülsə də birdən, Minlərcə günəş parlayacaq hər gülüşündən... 

Lena 

(mütəəssir) 

Knyaz, ulu Knyaz! Halın nə fəna, gəl, uyu bir az. 

Knyaz 

(qızı yaxalar, başdan-aşağı süzər, sərsəmcə bir gülüşlə) 

Sənsiz uyumam, ah, nə qədər işvəli dilbər! Axşam uyuruz, həm də bərabər. 

Lena 

(sarsılıb geri çəkilər, ətrafa) 

Ya rəb, nə olar kəndinə gəlsə, Fırlatdığı hər saçmanı bilsə!? 

(babasına sarsılaraq). 

Bir kərrə düşün, ah, qızınam mən, Mən Lenayam, əfsus!.. 

Knyaz 

Ah, sus! Aldatma, xeyr, sən qaçıyorsan yenə məndən. 

Lena 

Knyaz! Ulu Knyaz! Yox, Lena yalan bilməz, əmin ol. 

Knyaz 

(qızğın və çılğın) 

Dəf ol! Bu da bir rol... Sən baldırıçılpaqlara uydun, Hər kəs sənə məftun... Bəklər, yenə bəklər səni oynaşların əlbət. Qaçmaq, yenə qaçmaqmı?.. Rəzalət! Şakro hanı? Altunları versin, Versin də gəbərsin!.. 

Lena 

(mütəəssir) 

Knyaz! Ulu Knyaz! 

Knyaz 

Yox qaçma, buraxmam səni əsla! Knyaz seviyor Jasmeni hala. Zənn etmə ki, Berlindəki Knyaz Tiflisdəki Knyaz kimi qurnaz... Mən imdi o sapqınlığı atdım, Çapqınlığı atdım. Könlüm yeni məfkurələr özlər. 

(qızının saçlarını oxşar, gözlərini süzərək heyrətlə) Gözlər, hələ gözlər, hələ gözlər!.. Göylər kimi xamuş, Göylər kimi əsrar ilə dolmuş... Sən bir düri-saf, iştə gözəllik sənə heyran, Sən heykəli-naz!.. İştə sənin hər baxışından, Hər şən gülüşündən deyil insan, Quşlar belə zövq almada hər an. Ah, nazlı gövərçin! Dilbər hərəmim, sən nə gözəlsin. 

(niyaz ilə) 

Yox, yox, məni atma, Gəl, Knyazı satma! 

Lena 

(titrək səslə) 

Knyaz, Ulu Knyaz! 

Knyaz 

Mən könlümü verdim sənə ancaq, Gəl, işvəli afət, məni sən etmə oyuncaq. Bir busə ver ancaq bu dodaqdan, 

Güldən daha nazik o gözəl pənbə yanaqdan. Axşam da bərabər uyuruz, nazlı gövərçin, Əlbət, bu xoş əyləncə səninçin. 

(Qaba və möhtəris bir tərzdə qucaqlayıb öpmək istər.) 

Lena 

(geri çəkilir, nifrətlə) 

Knyaz!.. Knyaz Bu nasıl naz? 

Solomon 

(ortaya girir, sinirli) 

Knyaz, yetişir köklədiyin saz, Yox, yox, buna əsla dayanılmaz. 

Bir kərrə düşün, bax nə deyirsən, Hər an qızı təhqir eləyirsən?! 

Lena 

Bir Knyaza layiqmi bu rəftar!? 

Knyaz 

(istehzalı təbəssümlə) 

Zənnində xəta var. 

(Bu sırada dışarıda alman milli marşı çalınır. Knyaz heyrətlə dinlər. Məğrur və möhtəşəm bir baxışla qızını üstdən aşağı süzər, çılğın qəhqəhələrlə) 

Knyazmı dedin sən mənə... Sərsəm, dəli, axmaq, Knyaz nə imiş sanki! O bir rütbə ki, alçaq... Haylaz qızı, haylaz! Bir qeysərə Knyaz demək olmaz. 

(Qalpağını yırtıb atır, saçları dağılır. Qarşıdakı pəncərəni yumruqla qırıb açar, gurlayan marşı və xalqı seyr edir, məğrur qəhqəhələrlə) 

Əsgər keçiyor, orduya gəl bax! Qeysər kimi həp şanlı və parlaq... Bax, bax! Mədəniyyət buna derlər! Millət və cəsarət buna derlər! Bir bax, nə igidlər, nə tosunlar! Əmrimlə girər atəşə onlar. 

(əlindəki qırıq əsasını havaya qaldırar, komanda ilə) 

Dəhşət!.. O nasıl marş, Qoş, durma, yürü, arş iləri, arş! Sağdan-sola, soldan sağa kəs, parçala, Yax, yıx, Top patlasın artıq, Top patlasın, əflakı donatsın, Evlər yıxılıb yerlərə batsın. Onlar, əvət, onlar, Qeysərdəki dəhşətləri görsün, qurusunlar. Qeysər adı bəlli!.. 

Basdımsa ayaq hər yerə ən şanlı təsəlli... 

Bu sırada marş susar. Həp susdular, iştə! Bəsbəlli, səbəb var bu gedişdə... Mənsiz bütün aləm susar, əlbət, Yox kimsədə bir zərrə cəsarət. Onlar kimi bəklər? Yox şübhə, mənim əmrimi bəklər. Vilhelmi zaman etdi oyuncaq. Qeysər, ulu qeysər mənəm ancaq! Mən qeysərəm amma, 

(Solomona) 

Heç kimsəyə bildirmə, saqın, kimsəyə açma! 

(Birdən halı dəyişər, Solomonu şiddətlə silkələr.) 

Vilson, gidi Vilson! Bir söylə, nədir bunca fırıldaq, bu nə olsun? Ah, sən nə inəksən, Qorxaq və dönəksən. 

(Dəhşətlə bağırır.) 

Tacım hanı, ver tacımı?! 

Solomon 

(yerdəki parçalanmış qalpağı göstərər) 

İştə! 

(sinirli) 

Tacınla bərabər yerə keç bə!.. Bir qeysərə layiqmi bu? Haşa! 

(təkrar yerə çırpar) 

Solomon 

(ətrafa) 

Dəhşətli tamaşa!... 

Lena üzünü qapayaraq şiddətlə ağlar, Knyaz ona yaxınlaşaraq. 

Knyaz 

Yox, ağlama əsla! Söz Verdi dəmin Həzrəti İsa, Annən dirilib imdi məzardan çıxacaqdır, Göylərdə günəşlər yaxacaqdır. 

Lena 

(Solomona sarılaraq) 

Məhv oldu babam, ah, ona yardım, ona rəhm et. 

(Çocuqca hönkürtülərlə ağlar.) 

Solomon 

(qolundan tutub qapıya doğru aparır) 

Yavrum, üzülərsən, məni dinlə. Sən get! Doktor gələcək, gəl mənə söylə. 

Lena çıxmaq istərkən, Jasmen sadə yolçu qiyafətində Antonla bərabər gəlir. Knyazı o halda görüncə dona qalır. 

Lena 

Heyrət! 

Anton 

Nə qiyafət!? 

Solomon 

(Knyaza) 

Jasmen dediyin iştə bu afət! 

Knyaz 

(nifrət və həyəcanla) 

Jasmenmi!? Yalan... Ah, o süpürgə, Ağ bir ləkə... yaxud qara kölgə!... 

Jasmen 

(ətrafa) 

Ya rəb, bu nə halət, nə qiyafət! 

(Knyaza) 

Knyaz, məni əfv et! 

Knyaz 

Sən kimsən? Əcaib bu nə xilqət!? Dəf ol da, çəkil get! 

Anton 

Jasmen! 

Jasmen 

Gedəlim... 

Knyaz 

Dur! 

(Hər ikisi şaşırır. Knyaz dadlı gülüşlərlə Antona yanaşır, omuzlarını oxşar.) 

Şakro mənə istəkli oğuldur, Xoş gəldin, əzizim, nə xəbər var? Onlar hanı? 

Anton 

Kimlər? 

Knyaz 

Canavarlar! Anton... o vəfasız Klopatra, Xırsızla o nazəndə dilara... 

Anton 

(sarsılmış və kinli) 

Knyaz! Bizi təhqir eləyirsən. 

Knyaz 

(hiddətlə bağırır) 

Sus!.. Qeysərə knyazmı deyirsən!? 

Anton 

(acı qəhqəhəylə) 

Qeysər qara qaplan... Knyaz da onun kölgəsi əlan... 

Bu sırada dışarıda beynəlmiləl marşı çalınır. 

Knyaz 

(geri çəkilərək, qorxaq və həyəcanlı) 

Dəhşət! Yenə dəhşət! Onlar gəliyor, iştə, fəlakət! 

(içəri tərəfdə açıq qapıdan yanğın əlaməti görünür, təlaş ilə) 

Eyvah, o nə!? Yanğın sovurur aləmə vulkan! Sarmış didişən üzləri al qan. 

(Cibindən revolverini çıxarır. Hücum ilə) 

Yox, yox, duramam, getməliyəm mən, Düşmənləri qəhr etməliyəm mən. 

(Yanğına doğru bir qurşun atar.) 

Al, iştə!.. Bu atəş sizi uslandırar ancaq! Qeysər sizə olsunmu oyuncaq? Atəş!.. Yenə atəş!.. Yenə atəş!.. 

(Hücum əmri verir kimi bir qurşun daha atar, içəri fırlar, içəridə üç-dörd qurşun açılar. Lena başını əlləri arasına alıb ağlar). 

Jasmen 

Heyrət! 

Solomon 

Bu nə zillət! 

Anton 

Nə səfalət!.. 

Solomon 

Yardım, ona yardım? 

Knyaz 

(çıxır) 

Lazım deyil əsla mənə yardım. Məhv olsa da Jasmen... Yox, onlara təslim olamam mən. 

(Əlindəki revolveri süzərək.) 

Atəş!.. Yenə atəş!.. Yenə atəş!.. 

(Öz alnını nişan alar. Qurşun açıldığı kimi düşər.) 

Lena 

Eyvah!.. 

(Acı göz yaşları ilə cənazənin üzərinə qapanar.) 

Anton 

(acı təbəssümlə) 

Al, iştə!.. 

Solomon 

Nə dəhşət!.. 

Knyaz 

(can çəkişərək son nəfəsində) 

Ah, onları... məhv etməli... 

Solomon 

Heyhat!.. 

Anton 

(məğrur) 

Qeysərlərə, knyazlara ən şanlı mükafat!!! 

PƏRDƏ 

SON